Argentinanın xarici işlər naziri Hektor Markos Timermanın noyabrın axırı - dekabrın əvvəlində Azərbaycana səfəri gözlənilir. Bu barədə Trend-ə Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva bildirib.
Səfir qeyd edib ki, səfərin dəqiq tarixi dəqiqləşdirilir. Səfirin sözlərinə görə, səfər zamanı tərəflər arasında nüvə enerjisinə dair saziş imzalanacaq və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Səfir sabah Bakıda işə başlayacaq IV Beynəlxalq Humanitar Forumunu yüksək qiymətləndirib: "Bu çox böyük bir tədbirdir. Argentina bu forumda senatorla təmsil olunacaq".
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirakı çərçivəsində sentyabrın 23-də Argentinanın xarici işlər naziri H.M.Timerman ilə görüşü zamanı argentinalı həmkarını ölkəmizə səfərə dəvət etmişdi.