23 Yanvar 2021 10:15
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karate üzrə yeniyetmələrdən ibarət seçmə komandaya əlavə məşqçi təyinatları olub.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyası rəhbərliyi hazırlığı gücləndirmək məqsədilə aşağı yaşlı seçmə komandanın məşqçilər heyətinə yüksək titullu mütəxəssislər cəlb etməyi qərara alıb.

İdmançı karyerasını başa vuran milli komandanın keçmiş üzvləri Şahin Atamov 14-15 yaşlı yeniyetmələrə böyük məşqçi, Niyazi Əliyev isə məşqçi təyin edilib.

Yeniyetmə və gənclər üzrə millimizin baş məşqçisi Anar Allahverdiyevin 16-21 yaşadək gənclər üzrə seçmə komandalarda köməkçiləri isə böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyevdir.

Qeyd edək ki, Niyazi Əliyev və Şahin Atamovun 34 yaşı var. Niyazi Əliyev ikiqat Avropa çempionu və dünya ikincisidir. O, 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarında bürünc medal qazandıqdan sonra karyerasını bitirib. Şahin Atamov isə dünya və Avropa çempionatı mükafatçısıdır. O, karyerasını yenicə bitirib və artıq gücünü peşəkar karate döyüşlərində sınayır.


Müəllif: Teleqraf.com