"AFFA, Peşəkar Futbol Liqası və Azərbaycan Premyer Liqasında iştirak edən klublar FIFA və UEFA-nın tənzimlədiyi bütün mövcud Nizamnamə və Əsasnamələrə sadiq olduğunu, bütün futbol yarışlarının beynəlxalq səviyyədə tanınan qanunlar çərçivəsində keçirilməsini, futbolda idman prinsiplərinin rəhbər tutulmasını, mövcud vəziyyətdə UEFA ilə həmrəy olduğunu və və UEFA-nı birmənalı şəkildə dəstəklədiyini bildirir".
Teleqraf.com-un məlumatına görə, bu fikirlər Avropa Super Liqasının yaradılması ilə əlaqəda AFFA-nın yaydığı bəyanatda bildirilir.
"Avropa futbolunun əsas dəyərləri həmrəylik, ədalətli oyun və sosial məsuliyyətdir və bu proses uzun illərdir uğurla davam edir. Bir daha bəyan edirik ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası olaraq özündə separatçılığı ehtiva edən istənilən fəaliyyəti şiddətlə qınayırıq" deyə rəsmi açıqlamada vurğulanır.
Qeyd edək ki, UEFA İngiltərə Futbol Assosiasiyası və Premyer Liqa, İspaniya Futbol Federasiyası və La Liqa, İtaliya Futbol Federasiyası və A Seriyasından aldığı məlumat əsasında qeyd olunan çempionatlarda çıxış edən bəzi klubların yeni Superliqa yaratdıqları barədə açıqlama verəcəklərini bəyan edib.
Həmin gün İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem” və “Çelsi”, İspaniyanın “Real Madrid", “Barselona”, “Atletiko” (Madrid), İtaliyanın “Yuventus”, “Milan” və “İnter” klubları imzaladıqları müqavilə ilə Avropada yeni turnirin – Super Liqanın yaradıldığını bəyan ediblər.