Portuqaliyalı ulduz Kriştianu Ronaldo ilə keçmiş klubu “Yuventus” arasında gizli sövdələşmənin olduğu iddia edilir.
Teleqraf.com xəbər verir ki, “Mançester Yunayted”in oyunçusu “Yuventus”un maliyyə əməliyyatları ilə bağlı aparılan istintaq çərçivəsində dindirilə bilər.
Portuqaliyalı futbolçu yay transfer pəncərəsində “Yuventus”la vidalaşaraq Premyer Liqaya qayıdıb və yenidən “Mançester Yunayted”in heyətinə qatılıb.
36 yaşlı futbolçunun çıxış etdiyi İtaliya komandası 2019-2021-ci illər arasında 42 transferdə pozuntulara yol verdiyi iddiası ilə istintaq altındadır.
Məlumata görə, prokurorlar Ronaldo və “Yuventus” arasında koronavirus səbəbindən təxirə salınmış maaşlar və “Old Trafford”a getməzdən əvvəl aldığı işdən çıxma haqqını ehtiva edən gizli razılaşmanı araşdırır.
İddiaya görə, “Yuventus” rəhbərliyi ilə Ronaldo arasında nəzəri olaraq olmaması lazım olan bir sənədlə bağlı telefon danışıqlarının qeydləri var. Amma sözügedən məxfi sənəd hələ əldə olunmayıb, ona görə də Kriştianu Ronaldodan razılaşmanın məzmunu ilə bağlı sual soruşula bilər.