18 Noyabr 2014 21:36
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə həyata keçirdiyi “Fəal Ailəm, Sağlam Aləm” (FASA) proqramı çərçivəsində Mingəçevir və Qax Olimpiya İdman komplekslərində zona ailəvi idman yarışlarının təsnifat mərhələsi keçirilib.

Müxtəlif idmanyönümlü şən, təhlükəsiz və inklüziv oyunlardan ibarət yarışlara hər iki bölgənin 17 rayondan 51 nəfərdən ibarət ailə qatılıb. Ümumilikdə yarışlara 700 nəfərdən artıq tamaşaçı azarkeşlik edib.

Ailəvi idman təsnifat yarışlarının hər iki mərhələsində MOK-un məsul əməkdaşları, rayon İcra Hakimiyyəti başçılarının müavinləri, rayon gənclər və idman idarələri, həmçinin təhsil şöbələrinin rəisləri, müxtəlif idman federasiyaları, cəmiyyət və klubların, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Yarışları giriş sözü ilə açan MOK-un məsul əməkdaşı, beynəlxalq dərəcəli hakim Vaqif Əliyev Olimpiya hərəkatından, FASA proqramın tarixçəsindən və bu kimi sosialyönümlü idman proqramlarının ölkədə bədən tərbiyəsi və idmanın kütləviləşməsinə olan təsirindən danışıb.

Çıxışının sonunda V. Əliyev xüsusi ictimai əhəmiyyətə malik belə bir tədbirlərin təşkilində göstərdikləri dəstəyə və köməyə görə yerli hökumət orqanları, olimpiya idman komplekslərinin rəhbərliyi və kollektivlərinə dərin təşəkkürünü bildirib.

Rəsmi çıxışlardan sonra müxtəlif idman növlərindən ibarət şən və təhlükəsiz oyunlara start verilib. Tədbirə dəstək üçün qatılan gənc müğənni və rəqqasların çıxışı yarış həyəcanını bir qədər də artırmış oldu. Zona təsnifat yarışının Mingəçevir bölgəsi üzrə qalibi Şəmkir komandası olub, ikinci yerdə Yevlax, üçüncü yerdə isə Gəncə komandası qərarlaşıb. Qax bölgəsi üzrə qaliblər müvafiq olaraq İsmayıllı, Zaqatala və Qəbələdən olub.

Yarışın qalibləri tədbirin sonunda MOK və “Coca-Cola” şirkətinin qiymətli hədiyyələri, həmçinin diplomları ilə mükafatlandırılıb. Növbəti mərhələdə qalib ailələr 20 dekabr 2014-cü il tarixində Bakıda keçiriləcək Final Turnirdə güclərini yenidən sınayacaqlar.


Müəllif: