22 Noyabr 2014 00:15
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Florida ştatının Mayami şəhərində “WPC” versiyası üzrə pauerliftinq üzrə dünya çempionatı başa çatıb. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin ictimaiyyətlə əlaqələr xidmətindən Teleqraf.com-a bildiriblər ki, Azərbaycan komandası bu yarışlarda uğurla çıxış edərək altı qızıl və bir gümüş medal qazanıb.

Yarışda Rüstəm Musayev (75 kq), Hafiz Verdiyev (110 kq), İbrahim İbrahimov (125 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İdmançılardan Rüfət Ağayev və Hafiz Verdiyevin də mütləq dərəcədə dünya çempionu olduğu turnirdə Müşviq Ağayev (67,5 kq) gümüş medal qazanıb. Qızlar arasında keçirilən yarışda Günel Talıbova (56 kq) və Sara Abbasovanın (75 kq) qələbəsinə sevinən komanda üzvləri Bakıya qayıdıblar. İdmançıları Heydər Əliyev Beynəlxalq Hava Limanında milli pauerliftinqçi Sara Abbasovanın çalışdığı “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin nümayəndələri böyük təntənə ilə qarşılayıblar.

Qalib komandanın bütün üzvlərini təbrik edən “Akkord”çular xanım idmançılara gül-çiçək dəstələri hədiyyə ediblər. Mərasimdə korporasiya rəhbərliyinin nümayəndəsi Eyyub Məmmədov idmançılar qarşısında çıxış edib. Korporasiyanın hər zaman ölkəmizdə idmanın inkişafına dəstək verdiyini vurğulayan E.Məmmədov “Akkord” kollektivinin ölkəmizin bayrağının ən uca zirvələrdə dalğalanması üçün istənilən təşəbbüsə sevinclə qoşulduğunu bildirib.

S.Abbasova da ona bu qayğını və dəstəyi daim hiss etdirən, müxtəlif yarışlarda iştirakı üçün ona həm maddi, həm də mənəvi dəstək olan doğma “Akkord” kollektivinə minnətdarlığını ifadə edib.Mərasimdə Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev Beynəlxalq konqresdə 2017-ci ildə pauerliftinq üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edildiyini bildirib.

Əksər ölkələrin nümayəndələrinin Azərbaycanın namizədliyinə səs verməsinin sevincini yaşayan natiq bütün bunların ölkəmizdə həm dövlət, həm də “Akkord” kimi güclü özəl sektor nümayəndələrinin idmana və idmançılara göstərdikləri qayğının dünyada hamıya məlum olması ilə əlaqələndirib.


Müəllif: