Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Dinamo" (Zaqreb) komandasının heyətində Xorvatiya Liqasında növbəti oyununu keçirib.
Teleqraf.com-un məlumatına görə, 25 yaşlı hücumçu XXVII turun "Hayduk"a qarşı prinsipial matçında meydana çıxıb.
Split şəhərindəki "Polyud" stadionunda təşkil olunmuş qarşılaşma bərabərliklə yekunlaşıb - 0:0.
Start heyətində yer alan Emrelinin 41-ci dəqiqədə fərqlənmək üçün yaxşı şansı olsa da, başla zərbəsi dəqiq alınmayıb. O, 56-cı dəqiqədə əvəzlənərək, yerini komanda yoldaşı Marko Toliçə verib.
"Hayduk"un heyətində isə "Neftçi"nin sabiq müdafiəçisi Dario Melnyak sonadək çıxış edib.
Bu nəticədən sonra xalını 54-ə çatdıran "Dinamo" liderliyini qoruyub. "Hayduk" isə 49 xalla 4-cü yerdə gedir.