Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.
Teleqraf.com xəbər verir ki, Azərbaycan yunan-Roma güləşçiləri daha 3 medal qazanıblar.
Güləşçimiz Taleh Məmmədov (63 kq) səkkizdəbir finalda latviyalı Aleksandr Yurkyans üzərində əzmkar qələbə qazanıb - 7:3. Təcrübəli güləşçimiz dörddəbir finalda son Olimpiya çempionu, kubalı Luis Alberto Sançesə qalib gəlib - 3:1. T.Məmmədov yarımfinalda serbiyalı Sebastyan Nada (0:5) məğlub olub. İdmançımız bürünc medal uğrunda mübarizədə ermənistanlı Qraçya Poqosyanı 10:4 hesabı ilə üstələyərək dünya üçüncüsü olub.
Milli komandamızın üzvü Həsrət Cəfərov ilk mərhələni güləşmədən adlayıb. Meksikalı Dieqo Martines yarışöncəsi zədələndiyi üçün həmyerlimiz birbaşa səkkizdəbir finala yüksəlib. H.Cəfərov bu mərhələdə yaponiyalı Katsuaki Endoya heç bir şans tanımayıb - 9:0. Gənc güləşçimiz dörddəbir finalda çinli Husiyetu Husiyetudan güclü olub - 7:0. Güləşçimiz finalın bir addımlığında Avropa çempionu və dünya üçüncüsü Mate Nemeşlə qarşılaşıb. H.Cəfərov serbiyalı rəqibinə 2:5 hesabı ilə məğlub olub. Yığmamızın üzvü bürünc medal üçün türk idmançı Murat Fıratla mübarizə aparıb. Rəqibinə 8:2 hesabı ilə qalib gələn H.Cəfərov bürünc medalı boynundan asıb.
Arif Niftullayev (97 kq) debütdə son Avropa çempionatının bürünc medalçısı Daniel Qastla (Avstriya) 3:2 hesabı ilə qalib gəlib. A.Niftullayev səkkizdəbir finalda litvalı Vilius Laurjnaytisi vaxtından əvvəl məğlub edib - 8:0. Güləşçimiz daha sonra macarıstanlı Aleks Sokeyə tam üstünlüklə (10:2) qalib gələrək adını yarımfinala yazdırıb. Həmyerlimiz finalın bir addımlığında bolqarıstanlı Kiril Milovla qarşılaşıb. A.Niftullayev ilk hissəni 3:0 öndə tamamlasa da, ikinci hissədə təşəbbüsü əldən verib. Avropa çempionu və dünya ikincisi olmuş rəqibinə "tuşe" ilə uduzan idmançımız bürünc medal uğrunda italiyalı Nikolos Kakelaşviliylə qarşılaşıb və güclü rəqibini 2:1 hesabı ilə üstələyərək dünya üçüncüsü olub.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərimiz Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş medal qazanıb.