24 Noyabr 2022 10:14
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya çempionatlarının ilk oyunlarında İsveçrə uğurlu seriyayla çıxış edib.

Teleqraf.com xəbər verir ki, komanda 1966-cı ildə Almaniyaya məğlubiyyətdən (5-0) bu yana mundialın ilk oyununda məğlub olmayıb.

Bundan başqa, "Nati" 2014 və 2018-ci il mundiallarında adını ən güclü 16 komanda arasında yazdırmağı bacarıb. Murat Yakının yetirmələri Qətərdə də eyni uğuru təkrarlamağa çalışacaqlar. Komanda Afrika təmsilçilərinə qarşı sonuncu dəfə 2006-cı ildə mübarizə aparıb.

Komandanın vitse-kapitanı Xerdan Şakiri 2010-cu ildən milli komandaya çağrılır. O, son 4 böyük turnirdə vurulan 23 qolun 48%-də birbaşa iştirak edib - 8 qol, 3 assist.

Təcrübəli hücumçu düşdükləri qrupdan razı qalmasa da, sürpriz etmək istədiklərini bildirib:

"Hər turnirdə sürprizlərə imza atan komandalar olur. Qətərdə də həmin komandaları görə bilərik. Ümid edirəm ki, İsveçrə də onlardan biri olacaq".

Kamerun millisi isə dünya çempionatında ən çox iştirak edən Afrika komandasıdır. Ancaq ümumi nəticələrə baxsaq, elə də yaxşı çıxış etdiklərini söyləmək olmaz. Onlar son 7 oyunda meydandan məğlub ayrılıblar.

G qrupunun digər oyununda isə turnirin əsas favoritlərdən olan Braziliya millisi Serbiyanı sınağa çəkəcək.

Komandanın baş məşqçisi Tite keçmiş mundiallardakı uğursuzluqlardan dərs çıxarmalı olduqlarını etiraf edib.

Braziliya dünya kubokunu ən çox qazanan komandadır. Lakin 2002-ci ildən bu yana mundialda yaxşı nəticələr əldə edə bilmir. Xüsusilə 2014-cü ildə Almaniyaya qarşı oyunda ağır məğlubiyyət (1-7) hələ də futbol ictimaiyyəti arasında müzakirə olunur.

Penta kampeonlar 1930-dan indiyə qədər bütün dünya çempionatlarında iştirak ediblər, bu turnir onların 22-ci mundialı olacaq. Cənubi amerikalılar qruplarda keçirdiyi son 15 qarşılaşmanın 12-də qələbə qazanıb, 3 dəfə heç-heçə ediblər.

Serbiya milli komandası müstəqillik əldə etdikdən sonra 3 dəfə mundialda iştirak etsə də qrup mərhələsini adlaya bilməyib.

Baş məşqçi Draqan Stoykoviç bəzi oyunçuların formda olmamasından narahatdır. Saşa Lukiç, Filip Kostiç, Aleksandr Mitroviç təxminən 1 aydır forma geyməyib. Lakin təcrübəli mütəxəssis onların oyuna hazır olacaqlarına ümid edir:

"Ümid edirəm ki, matçda iştirak edə biləcəklər, oyuna hazır olmaları üçün hər şeyi edirik. Motivasiya baxımından heç bir sıxıntıları yoxdur. Amma hər şeyə oyun günü aydınlıq gələcək".

H qrupunun açılış oyununda dünya çempionatının ilk ev sahibi və çempionu Uruqvay milli komandası Cənubi Koreya ilə qarışılaşacaq. Son 3 dünya çempionatında qrupdan çıxmağı bacaran Laselesta bu dəfə daha artığını etməyə çalışacaq. Baş məşqçi Dieqo Alonso yaşlı oyunçuların təcrübəsinə, gənclərin isə enerjisinə güvənir:

"Mən və oyunçularım çempion olmaq istəyirik. Qətərə bunun üçün gəlmişik".

Komanda keçirdiyi son 8 oyunun 7-də qalib gəlməyi bacarıb.

Cənubi Koreya isə ardıcıl 10-cu dəfə dünya çempionatında iştirak edəcək. Ancaq cəmi 2 dəfə qrup mərhələsini adlaya bilib. Ona görə də digər rəqiblərə nisbətdə şansları elə də yüksək qiymətləndirilmir. 2002-ci ildə əldə etdikləri 4-cü yer hələ də onların ən böyük uğuru hesab olunur.

Asiyalıların əsas ulduzu Son Xın Minin vəziyyəti hələ də şübhəli olaraq qalır. Ulduz futbolçu "Tottenhem"in heyətində "Marsel"ə qarşı matçda zədələnmişdi. Futbolçu əməliyyat keçirsə də dünya çempionatının yekun heyətinə düşməyi bacardı. Hazırda oyunçu məşqlərdə xüsusi maskadan istifadə edir.

Qrupun digər qarşılaşması Portuqaliya yığması ilə Qana arasında baş tutacaq. Ardıcıl 6-cı dəfə mötəbər turnirdə iştirak edən prineylilərin ən böyük uğuru 1966-cı ildə əldə etdikləri 3-cülükdür.

Baş məşqçi Fernandu Santuş son 3 açılış oyununda əldə etdikləri uğursuzluğa son qoymalı olduqlarını vurğulayıb.

Bu matç ərəfəsində əsas diqqət, şübhəsiz ki, portuqaliyalı super ulduz Kriştiyanu Ronaldoda olacaq. Oyunçu bir neçə gün əvvəl verdiyi qalmaqallı müsahibə ilə gündəmə gəlmişdi. O, "Mançester Yunayted"i və baş məşqçi Erik Ten Haqı sərt tənqid etmişdi. Bu hadisə futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Hətta Ronaldo komanda yoldaşları ilə kiçik anlaşılmazlıqlar yaşadı.

Portuqaliyalıların müdafiəçisi Ruben Diaş isə bunun əksini düşünür:

"Ronaldonun son zamanlar yaşadığı çətinliklərin və bu söz-söhbətlərin bizim oyunumuza təsir edəcəyini düşünmürəm. Ona görə də bu mövzuda daha danışmaq istəmirəm. Bu haqda artıq lazımı qədər danışılıb. İndi əsas diqqətimizi dünya kubokuna cəmləmişik".

Uruqvay, Cənubi Koreya və Qananın olduğu qrupdan çıxmaq heç də asan olmayacaq.

Afrika təmsilçilərinin heyətində Avropanın top klublarında çıxış edən bir neçə futbolçu var. İspaniya milli komandasını Qanaya dəyişən İnaki Vilyams, "Arsenal"da çıxış edən Tomas Partey və "Ayaks"ın gənc ulduzu Muhammed Kudus rəqiblər üçün böyük problemlər yaradacaq. Komanda həm fiziki həm də texniki cəhətdən güclü oyunçulardan təşkil olunub.

Qeyd edək ki, İsveçrə-Kamerun oyunu Bakı vaxtı ilə 14:00-da, Uruqvay-Cənubi Koreya qarşılaşması 17:00-da, Portuqaliya-Qana görüşü 20:00-da, Braziliya-Serbiya matçı isə 23:00-da başlayacaq.


Müəllif: Pərviz Qaralov

Oxşar xəbərlər