7 Sentyabr 08:13
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alimlər nüvə saatının ilk prototipini istehsal ediblər.

Teleqraf.com xəbər verir ki, vaxtı daha dəqiq ölçən nüvə saatları atomdakı elektronların enerji vəziyyətini dəyişdirərək işləyir. Bu yüksək və aşağı enerji keçidləri zamanı atomlar növündən asılı olaraq çox dəqiq tezlikdə enerji buraxırlar.

Nüvə saatlarının prinsipi elektronlar deyil, atom nüvəsindəki enerji dəyişiklikləri vasitəsilə vaxtı ölçməyə əsaslanır. Atomdan 100 min dəfə kiçik olan nüvədəki enerji dəyişikliyi daha dəqiq ölçülər verəcək. Alimlərin bu məqsədə çatmaqda qarşılaşdıqları əsas maneələrdən biri atom nüvələrinin enerji vəziyyətini dəyişdirə bilməmələri idi. Torium elementinin torium-229 izotopunun nüvəsində enerji dəyişikliyi yaratmaq nisbətən daha az enerji tələb etdiyi üçün bu, diqqət mərkəzində idi. Bu il tədqiqatçılar əsaslı addım ataraq torium-229-un atom nüvəsinin enerji vəziyyətini dəyişməyə nail olublar. Tədqiqat aparan komanda bu uğura əsaslanan ilk atom saatı prototipini hazırlayıb.

Vyana Texniki Universitetindən Torsten Şum həmmüəllifi olduğu araşdırma haqqında deyib: “Bu ilk prototiplə biz sübut etdik ki, torium ultra yüksək dəqiqliklə vaxtı ölçmək üçün istifadə edilə bilər. Yalnız texniki inkişaf işləri qalıb və başqa heç bir əsas maneə gözlənilmir. Təqdim etdiyimiz kəskin ölçmələrlə nüvə saatları kainatın sirlərinin açılmasına, həmçinin GPS və internet sürətinin yaxşılaşdırılmasına töhfə verə bilər”.

Məqalənin digər müəllifi, fizik Jun Ye bildirib: “Milyardlarla il işləsə belə, bir saniyəsini qaçırmayan bir qol saatı təsəvvür edin. Biz hələ tam orada deyilik, lakin bu araşdırma bizi o dəqiqlik səviyyəsinə yaxınlaşdırır”.

Bu texnologiyanı atom saatları ilə müqayisə edərək, komanda əlavə edib: “Nüvə saatları atomun elektron qabığında baş verən elektron keçidindən fərqli olaraq atomun nüvəsindəki nüvə keçidinə əsaslandığı üçün nüvə saatları vəziyyətlərə daha az həssas ola bilər”.

Tədqiqatçılar iki-üç il ərzində nüvə saatlarının hazırlanacağını düşünürlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər