7 Sentyabr 09:06
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlara hazır olduğunu bildirdi. Həmçinin qeyd etdi ki, Çin, Hindistan və Braziliya sülh danışıqlarında vasitəçi ola bilər. Sizcə, Ukrayna adı çəkilən ölkələrin hansını vasitəçi kimi qəbul edəcək?

- Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqlara hazır olduğunu deməsi təbii ki, birmənalı qəbul edilən fikir deyil. Ən azı o baxımdan ki, hesab etmirəm ki, Rusiya hazırkı şərtlərdə Ukrayna ilə danışıqlara hazırdır. Çünki Rusiyanın şərtləri Ukrayna üçün tamamilə qəbuledilməzdir. Belə ki, Rusiya Krımla bərabər Ukraynanın dörd vilayətinə də iddia edir. Bu əraziləri ilhaq edərək artıq bunu rəsmiləşdirib. Ukrayna təbii olaraq Rusiyanın bu tələblərini qəbul edib bu cür şərtlərlə masaya oturmayacaq. Məhz Kursk ətrafında baş verən hadisələr də bundan qaynaqlanır.

- Niyə məhz Hindistan, Çin və Braziliya?

- Rusiyanın Çin, Hindistan və Braziliya ilə münasibətləri ikitərəfli və BRİKS çərçivəsində olan münasibətlərdir. Bu ölkələr böyük dövlətlərdir. Dünya iqtisadiyyatında və dünya siyasətində mühüm rol oynayırlar. Kreml hesab edir ki, bu dövlətlər olsa, Rusiyanın maraqları daha yaxşı təmin edilə bilər. Çünki nəzərə alsaq ki, Rusiya Prezidenti bu il ərzində görüşdüyü dövlət başçıları arasında ikitərəfli qaydada Çin və Hindistan rəhbərləri var. Eyni zamanda, bu iki ölkə Rusiyanın ən böyük ticarət tərəfdaşları sırasında yer almaqdadırlar. Ona görə Putin hesab edir ki, bunların vasitəçiliyi daha məqbul variantdır.

- Bəs tez-tez mümkün vasitəçi kimi adı hallanan Türkiyənin adı niyə siyahıda yoxdur?

- Türkiyə savaşın ilkin mərhələsində vasitəçi rolunda aktiv olaraq iştirak etdi. Bu istiqamətdə müəyyən nəticələr də əldə olundu. Belə ki, həm Rusiya, Ukrayna tərəfləri 2022-ci ilin martın sonlarında İstanbulda bir araya gəldilər, hətta müəyyən razılaşmalar belə oldu. Rusiya tərəfinin verdiyi açıqlamalara görə, bu razılaşmaların pozulmasında Qərb önəmli rol oynayıb. Bunun ardınca da Türkiyə taxıl dəhlizinin açılması ilə bağlı çox aktiv rol alaraq bu prosesin uğurla başa çatmasını təmin etdi. Amma hazırkı dönəmdə təbii Türkiyənin vasitəçilik imkanları çox da böyük deyil. Belə ki, ən azı Qərb bu prosesdə çox maraqlı deyil. Eyni zamanda Rusiyada Türkiyənin Ukraynanın ərazi bütövlüyünə birmənalı dəstək verməsindən o qədər də məmnun deyil. Baxmayaraq ki, ölkələr arasında münasibətlər kifayət qədər yaxşıdır.

- Hesab etmək olarmı ki, artıq Putin dolayı yolla müharibəni dayandırmaq istəyini bəyan edir?

- Vladimir Putin danışıqlara yalnız o zaman getmək istəyəcək ki, onun şərtləri qəbul edilsin və bu şərtlər daxilində danışıqlar aparılsın.

Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər