7 Sentyabr 17:03
1 628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qədim keltlər yüzlərlə tanrıya inanırdılar. Ancaq bir çox mədəniyyətlərdə olduğu kimi, onların da inandıqları şər və qorxunc qüvvələr vardı. Keltlərin qorxduğu bu varlıqların hər biri əslində tanrıdır. Keltlər Roma imperiyasına inteqrasiya olunsalar da, xristianlığı rəsmən qəbul edənə qədər tanrı və tanrıçalarına ibadətə davam etmişdilər.

Xristian olduqdan sonra onlar tanrıları lənətlədilər. Bununla belə, əsrlər keçsə də, İrlandiyada bu qəribə varlıqlara inam davam edir, onların şərindən özlərini qorumağa indi də çalışanlar var.

Teleqraf.com keltlərin bəzi tanrıları ilə bağlı məlumatları təqdim edir.

Başsız atlı: Dullahan

Dullahan “sirli adam” anlamına gəlir. O, başı bir əlində dolaşır. Gözlərindən alov çıxır. Hər dəfə atdan düşəndə bir insan ölür.

Dullahanla bağlı bir neçə fərqli mif var. Bəzi rəvayətlərdə Dullahanın insanların üzərinə vedrələrlə qan atdığı, bəzilərində isə tezliklə öləcək insanların adlarını çəkdiyi deyilir. Dullahanın yeganə zəif cəhəti qızıldan qorxmasıdır.

Fəryad qoparan kabus: Banşi

Rəvayətə görə, Banşi Dullahanla güclərini birləşdirmişdi. O, fəryad edən və ağlayan qadın ruhdur. Bir evin qarşısında ağlamağa başlasa, bu o deməkdir ki, həmin evdə kimsə tezliklə öləcək. Banşinin fəryadı ölümün xəbərçisidir.

Banşi əfsanəsinin bir neçə fərqli izahı var. Onlardan birində Banşi altı qara atın çəkdiyi faytonla Dullahana tərəf gedir və atlara insan onurğasından düzəldilmiş qamçı ilə vurur.

Bununla belə, əksər rəvayətlərdə Banşi yalqız və qorxunc kimi təsvir edilir. Çirkin yaşlı qadından gözəl gənc qadına qədər müxtəlif formalarda təsviri var. Ancaq dəqiq olan yeganə şey Banşinin fəryadının kiminsə ölümünün xəbərçisi olmasıdır.

Slua: Ölü günahkarlar

İrland və ya keltlərin inanclarına görə, slualar dünyaya bədxah ruhlar kimi qayıdan günahkar insanların ruhlarıdır. İnsanların ruhlarını ovlamağa gəlirlər. Qərbdən gəlirlər, quş sürüləri kimi dəstə-dəstə uçurlar, ölmək üzrə olan insanların ruhlarını alırlar.

Bəzi irlandlar bu gün də Sluanı uzaqlaşdırmaq üçün həmişə evlərinin qərb pəncərələrini bağlı saxlayırlar.

Karman: Kelt ifritəsi

Karman kelt mifologiyasında pisniyyətli ifritə və ya ilahədir. Həmişə üç oğlu - Dab, Doter və Daynla birlikdə dolaşır. Oğullarının adları “zülmət”, “şər” və “şiddət” anlamına gəlir. Qarşılarına çıxan hər şeyi və ya hər kəsi məhv edirlər.

Kaortannax: Şeytanın anası

Şeytanın anası kimi görülən Kaortannax Müqəddəs Patriarx tərəfindən İrlandiyadan qovulur.

Patriarx Zümrüd adasında dayanaraq bütün ilanlar və cinləri boğmaq üçün dənizə atanda Kaortannax əlindən qaçır. Patriarx uzun müddət Kaortannaxı izləyəndə susayır. Amma Şeytanın anası bütün su quyularını zəhərləmişdi, çünki Müqəddəs Patriarxın susayacağını bilirdi.

Patriarx yol göstərməsi üçün Tanrıya dua edir. Sonda Kaortannaxı tapır və onu suda boğur.

Linan Şi: İlham pərisi

Həm ilham pərisi, həm də iblis olan Linan Şi keltlərin mifoloji varlıqlarından biridir. Linan Şi şairlər və musiqiçilərə ilham verir. Ancaq bu, onların həyatları bahasına başa gəlir.

Linan Şi sənət adamları ilə görüşür, biliklərini, yaradıcılığını və sehrini bölüşür. Amma tərk edəndə onlar kədərdən ölürlər. Linan Şi sevgililərini mağaralarına aparır. Qurbanlarının qanını içmək əvəzinə qazanlara tökür. Bu qanlar onun gözəlliyi və sənətinin mənbəyidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər