20 Mart 2023 08:26
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan boksçusu Ömər Aslanlı Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən Dünya kubokunun finalına yüksəlib.

Azərbaycan Boks Federasiyasından Teleqraf.com-a bildirilib ki, 54 kq çəkidə mübarizə aparan yığma üzvü yarımfinalda Tomas Boditsopoulosdan (Yunanıstan) üstün olub.

İlk raundda rəqib zədələndiyindən Ö.Aslanlı həlledici döyüşə vəsiqə qazanıb. O, finalda meksikalı Andrey Bonilya ilə üz-üzə gələcək.

Digər boksçularımızdan Məhəmmədəli Aşurəliyev (57 kq) yarımfinalda Yojander Drulletə (Kuba), Ziya Həsənov (71 kq) isə Tauan da Silvaya (Braziliya) məğlub olduğundan bürünc medalla kifayətləniblər. Nəticədə komandamızın heyətində fəxri kürsünün üçüncü pilləsinə qalxacaq yığma üzvlərinin sayı 6-da çatıb.

Qeyd edək ki, 25 ölkədən 176 (58 qız, 118 oğlan) boksçunun qatıldığı turnirdə daha əvvəl Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) bürünc medala sahib olublar.


Müəllif: Teleqraf.com