“Rəqib komanda düşündüyümüz kimi oynadı”.
Teleqraf.com xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Cəbəllütariqdə “Linkoln”a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
51 yaşlı mütəxəssis qələbə münasibətilə futbolçularını təbrik edib:
“Meydança amili və hava şəraitini nəzərə alsaq, oynamaq asan deyildi. Bir neçə epizodu çıxmaq şərtilə, 90 dəqiqə ərzində çox diqqətli oynadıq. Sadəcə, 1-2 epizod zamanı bir az diqqətsizlik oldu”.
Onun sözlərinə görə, “Linkoln” təcrübəli futbolçulardan qurulmuş kollektivdir:
“Hər birinin son nöqtəni qoymaq bacarığı var. 23-24 günlük səfərdən sonra komandada psixoloji yorğunluq çox idi. Buna baxmayaraq, özlərini düzgün idarə edib qələbə topunu vura bildilər. Oyunçularımın matça yanaşmasından razı qaldım”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində “Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.