22 Fevral 18:02
1 783
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi Portuqaliyanın “Braqa” klubunu bu gün qəbul edəcək. Portuqaliyadakı ilk matçda “Qarabağ” qazanıb.

Səfər matçından 4:2 hesablı qələbə ilə qayıdan “Qarabağ” bu üstünlüyü qoruyub saxlaya biləcəkmi?

Millimizin keçmiş oyunçusu, futbol mütəxəssisi Tərlan Əhmədov Teleqraf.com-a açıqlamasında bildirib ki, səfərdə inamlı qələbə ilə arxayınlaşmaq olmaz:

“Çünki pley-of mərhələsi və ya Çempionlar Liqasında çıxış edən komandaların hər birinin səviyyəsi, gücü eynidir. “Qarabağ” səfərdə 4 qolla qalib gəlibsə, burada da qələbə qazana bilər. Hamımız ümid edirik ki, “Qarabağ” növbəti mərhələyə keçəcək.

“Qarabağ”ın səfərdəki matçda və daxili çempionatda buraxdığı qollar müdafiədəki boşluqdan xəbər verir. Rəqibin standart vəziyyətlərdə güclü olduğunu da müşahidə etdik. Hər halda bu, bir şansdır, hamımız istəyirik ki, “Qarabağ” qalib gələrək yeni tarixə imza atsın.

Heç bir oyun bir-birinə bənzəmir. Portuqaliyadakı oyun tamamilə fərqli oyun idi. “Qarabağ” indi evdə oynayır, tamamilə fərqli bir oyun olacaq. Biz rəqibin hansı sürpriz, hansı taktika hazırladığını bilmirik”.

Təcrübəli mütəxəssisin fikrincə, rəqib top fərqini azaltmaq üçün ilk dəqiqədən təzyiq göstərə bilər: “İnanmıram ki, “Qarabağ” açıq futbol oynasın, çünki bu zaman müdafiədə çoxlu boşluqlar olur. Hətta bəzən hücum futbolu oynayanda da müdafiədə boşluqlar əmələ gəlir.

Qurban Qurbanovun komandası heç vaxt müdafiədə oynamayıb. Hər bir klub hücum elədiyi kimi müdafiə də olunur. Qurban Qurbanov hansı taktika ilə oynamağı, futbolçuları necə motivasiya etmək lazım olduğunu yaxşı bilir. Biz qıraqdan çox fikir bildirə bilərik, amma məlumdur ki, “Qarabağ”ın əks-hücumları hər zaman mükəmməl olub. Bu, əks-hücumlar nəticəsində “Qarabağ” rəqibi məyus edə bilər. Bu oyunda səhv etmək olmaz, başqa şansımız yoxdur”.

Tərlan Əhmədov “Qarabağ”ın ev oyunlarına nisbətən səfərdə daha yaxşı oynadığı barədə səslənən fikirlərə belə münasibət bildirib: “Həqiqətən “Qarabağ” səfərdə hər zaman mükəmməl oynayıb, amma ev oyunlarında sanki futbolçularda arxayınlaşır. Ev oyunlarında eniş yaşasa da, ümid edək ki, “Qarabağ” sevinən tərəf olacaq, bizi də sevindirəcək”.

Azərbaycan millisinin sabiq futbolçusu Yunis Hüseynovun oyunla bağlı deyib: “Portuqaliyadakı oyundan öncə də bildirmişdim ki, “Qarabağ” "Braqa" komandasını keçəcək və qalib ayrılacaq. Düşünürəm ki, “Qarabağ” bugünkü oyunda mütləq qalib gələcək.

Bildiyimiz kimi, biletlər tam satılıb, 30 min azarkeş bu gün “Qarabağ”ı dəstəkləməyə gələcək. “Qarabağ” komandası Tofiq Bəhramov adına stadionda möhtəşəm oynayır. Bu, elə bir stadiondur ki, futbolçularla azarkeşlər bir-birlərinə çox yaxın olurlar. Buna görə də, azarkeşlər tərəfindən kifayət qədər dəstək olacaq. Bütün bunlara görə, mən “Qarabağ”ın qalib gələcəyinə əminəm.

"Braqa" futbolçularınən, məşqçisinin çıxışlarını izlədim, onlar Bakıya aqressiv gəliblər, bunu unutmaq olmaz. Oyunun ilk 10-15 dəqiqəsində “Braqa” komandası qol vurmaq istəyəcək. Rəqib bəzən boşluqlar verə bilər və biz bilirik ki, “Qarabağ” komandası boşluq verən komandaya qarşı əla hücumlar edir. Güman edirəm ki, "Qarabağ" öz oyun üslubunda oynayacaq və qalib gələcək”.


Müəllif: Nigar Qəhrəmanlı

Oxşar xəbərlər