“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib.
Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyərək, bunu reallaşdırıb.
Səfərdə 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionundakı cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzsa da, mərhələni adlamağı bacarıb.
Birinci hissədə qapılara qol vurulmayıb. 57-ci dəqiqədə “Qarabağ” meydançada azlıqda qalıb. Müdafiəçi Elvin Cəfərquliyev qırmızı vərəqə alıb. Say üstünlüyündən istifadə edən qonaqlar 70-ci dəqiqədə hesabı açıblar. Rocer Fernandes yaxın məsafədən çərçivəni dəqiq nişan alıb. “Braqa” 83-cü dəqiqədə ikinci qolu vurub. Bu dəfə Alvaro Calo fərqlənib.
Portuqaliyalılar 90 dəqiqəni 2:0 hesabı ilə öndə tamamlayıblar. Ümumi hesab 4:4 olduğundan, əlavə 30 dəqiqə oynanılıb.
102-ci dəqiqədə Mateus Silva fərqlənərək, “Qarabağ”ı ümumi hesabda önə keçirib. Lakin 115-ci dəqiqədə Simon Banza penaltini dəqiq yerinə yetirərək, görüşdə hesabı komandasının xeyrinə 3:1-ə çatdırıb.
Ancaq təslim olmayan Azərbaycan çempionu 120+2-ci dəqiqədə növbəti mərhələni gətirən qolu vurub. Nəriman Axundzadə qapıçı ilə təkbətək şansı əldən verməyib. Nəticədə təmsilçimiz 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gəlib.
Beləliklə, “Qarabağ” Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub. Bu mərhələnin oyunları martın 7-də və 14-də keçiriləcək
***
“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda üçüncü qol vurulub.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada bu dəfə meydan sahibləri fərqləniblər.
102-ci dəqiqədə Mateuş Silva vurduğu qolla hesabı 1:2 edib.
Ümumi hesabda isə “Qarabağ” 5:4 önə keçib.
23:43
“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda 90 dəqiqə başa çatıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada qonaq komanda əsas vaxtı 2:0 hesabı ilə öndə tamamlayıb.
İlk görüşdə “Qarabağ” 4:2 hesablı qələbə qazandığından, ümumi hesab bərabərləşib – 4:4. Bu səbəbdən oyunda 30 dəqiqəlik əlavə vaxt oynanılacaq.
***
23:30
“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci qol vurulub.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada bu dəfə qonaqlar rəqibi cəzalandırıblar.
83-cü dəqiqədə Alvaro Calo adını tabloya yazdırıb. “Braqa” 2:0 hesabı ilə öndədir.
***
23:15
“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb.
Teleqraf.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanın 70-ci dəqiqəsində qonaqlar qol sevinci yaşayıblar.
“Braqa”nın heyətində Rocer Fernandes fərqlənib.
21:45
“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.
Teleqraf.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma saat 21:45-də start götürüb.
Matçın baş hakimi bolqarıstanlı FIFA referisi Georgi Kabakovdur.
Braqadakı ilk matçda 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi bu üstünlüyü qoruyacaqları təqdirdə, tarixində ilk dəfə 1/8 finala yüksələcək.