23 Fevral 21:03
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Şahmat Federasiyasının (AŞF) dəvəti ilə tanınmış mütəxəssis Vladimir Çuçelov Bakıya gəlib.

AŞF-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfərdə əsas məqsəd Bakıda gənc şahmatçılar üçün təşkil olunacaq bir həftəlik təlim-məşq toplanışına rəhbərlik etməkdir.

Federasiya ilə V.Çuçelov arasında əldə olunan razılığa əsasən, hazırlıqdan sonra məşqçi hər bir şahmatçı barədə rəy təqdim edəcək. Bundan sonra mütəxəssislə əməkdaşlığın müddəti dəqiqləşəcək.

Gənclərdən ibarət komanda üzvləri üçün təşkil edilən hazırlıq prosesinin ilk günündə Azərbaycan Şahmat Federasiyasının prezidenti və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov da iştirak edib. AŞF rəhbəri bundan sonra da şahmatçılara lazımi şəraitin yaradılacağını bildirib.

Qeyd edək ki, Vladimir Çuçelov uzun illər dünyanın ən reytinqli şahmatçıları ilə işləyib, onların inkişafında yaxından iştirak edib. Müxtəlif illərdə Teymur Rəcəbov, Fabiano Karuana, Aniş Giri, Vidit Qucrati, Hou İfan kimi tanınan şahmatçıların məşqçisi olub. Mütəxəssis 2014-cü ildə FIDE tərəfindən ilin ən yaxşı məşqçisi seçilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər