Fevralın 25-də Gürcüstanın Marneuli şəhərindəki “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin” (GAİM) təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümnə həsr olunmuş şahmat çempionatı keçirilib.
Teleqraf.com xəbər verir ki, yarışda 6-9 və 10-15 yaş qruplarında 48 şahmat həvəskarı iştirak edib.
Əvvəlcə GAİM-in icraçı direktoru Murad Muradov Xocalı faciəsi barədə ətraflı məlumat verib. Bildirib ki, bu qanlı faciədən 32 il keçməsinə baxmayaraq, xalqımız soyqırımı qurbanlarının xatirəsini heç zaman unutmayıb və unutmayacaq. Xocalı soyqırımı xalqımızın tarixinə təkcə qanlı faciə kimi deyil, həm də qəhrəmanlıq mübarizəsi kimi yazılıb.
Diqqətə çatdırılıb ki, faciə qurbanlarının xatirəsi təkcə Azərbaycanda deyil, azərbaycanlıların yaşadıqları bütün ölkələrdə anılır. Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbirləri və müxtəlif idman yarışları da təşkil edilir.
Sonra turnirə start verilib.
Yarışda birincilik uğrunda Marneuli bələdiyyəsində fəaliyyət göstərən “GAİM”, “Çay Evi” (Tea House) və Kürtlər kəndindəki tədris mərkəzinin şagirdləri mübarizə aparıblar.
Yarışda 6-10 yaş qrupunda “Tea hause”un yetirmələri Amar Nəsibov birinci, Rafael Bayramov ikinci, Mate Kiparoidze üçüncü yerləri qazanıblar.
Digər qrupda (10-15 yaş qrupu) mübarizə aparan gənc şahmatçılardan Əli Əliyev (Çay Evi) birinci, Hesynəli Allahverdiyev ikinci, Renat Əsgərov (GAİM) isə üçüncü yerləri tutublar.
Sonda qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim olunub.