23 İyun 13:44
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın yeniyetmə badmintonçuları Serbiyanın Novı Sad şəhərində keçirilən “Serbian Youth International 2024” turnirində 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

Teleqraf.com xəbər verir ki, 9 yaşadək bamdintonçu qızların şəxsi yarışında Mələk Təhməzli qrup mərhələsini 2 qələbə ilə başa vuraraq uğurlu seriyanın davamını yarımfinalda da gətirib.

Həlledici görüşdə 3 setin yekununda Kipr təmsilçisinə qalib gələn idmançımız turnirin qızıl medalını qazanıb.

Ömər Teymurlu isə 13 yaşadək oğlan bamdintonçuların şəxsi mübarizəsində finala kimi irəliləyib.

Bu kateqoriyada 4 qələbə qazanan Ö.Teymurlu finalda macar rəqibinə uduzaraq gümüş medala yiyələnib.

13 yaşadək oğlan badmintonçuların qoşa yarışında da gümüş medal Azərbaycan təmsilçilərinin hesabına yazılıb.

Mübarizəyə 1/8 finaldan başlayan Ömər Mehdi-Ömər Teymurlu tandemi ardıcıl 3 qələbə sayəsində finala yüksəlib.

Azərbaycan idmançıları qızıl medalın bir addımlığında macarıstanlı rəqiblərinə uduzaraq bu kateqoriya üzrə yekun sıralamada ikinci sırada qərarlaşıb.

İsmayıl Qarayev və Həsən Məmmədov isə 11 yaşadək oğlan badmintonçuların qoşa yarışında bürünc medal qazanıb.

Xatırladaq ki, il ərzində mütəmadi olaraq bir neçə beynəlxalq turnirdə iştirak edən yeniyetmə badmintonçularımız 2022-ci ildən ənənəvi olaraq keçirilən “Serbian Youth International” turnirinə geniş heyətlə qatılır. 2022-ci ildə qeyd edilən turnirdə bürünc medal qazanan yeniyetmə badmintonçularımız, 2023-cü ildə “Serbian Youth International” turnirində 1 gümüş və 2 bürünc medalla fərqlənmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər