Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mətbuat nümayəndələri arasında ikinci atıcılıq turniri təşkil edib.
Teleqraf.com xəbər verir ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik ruhunda tərbiyəsində KİV-in rolunun artırılmasıdır.
Xidmətin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında keçirilən turnirdə hər biri 3 nəfərdən ibarət komandalar iştirak edib.
Turnirin açılışında çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini Zaur Abdullayev tədbir iştirakçılarına uğurlar arzulayıb, Ulu Öndərin mətbuat sahəsinə diqqət və qayğısından danışıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Azərbaycanda, eləcə də həmvətənlərimiz yaşayan bütün xarici ölkələrdə silsilə tədbirlər keçirilir. Bu gün regionun lider dövlətinə çevrilən Azərbaycanın güclü ordusu ilə Cənubi Qafqazda aparıcı mövqeyə sahib olduğunu bildirən Z.Abdullayev son illər ölkəmizin iqtisadi qüdrətinin artmasının Silahlı Qüvvələrimizin inkişafı üçün geniş imkanlar açdığını vurğulayıb.
Sonra turnirə start verilib. İki mərhələdə keçirilən turnirdə ilk üç yeri tutan komandalara kubok, diplom və qiymətli hədiyyələr təqdim olunub.