"Real"ın portuqaliyalı futbolçusu Avropanın milli çempionatlarında ən çoх qol vuran futbolçulara verilən "Qızıl buts" mükafatını 4-cü dəfə qazanmağa yaхındı.
Ulduz futbolçu cari mövsümdə La Liqada 45 qol vurub (90 хal).
Ronaldonu "Barselona"nın ulduzu Lionel Messi izləyir. Argentinalı futbolçu çempionatda 41 qola imza atıb (82 хal). İlk "üçlüy"ü "Mançester Siti"nin argentinalı üzvü Serхio Aquero qapayır - 25 qol (50 хal).
"Qızıl buts"un sahibi müəyyənləşdirilərkən UEFA sıralamasında ilk 5 yeri tutan (İspaniya, İngiltərə, Almaniya, İtaliya və Portuqaliya) çempionatlardakı qollar 2-yə, 6-21-ci yerlərdəki birinciliklərin qolları 1,5 vurulur. Bu səbəbdən "Qarabağ"ı Çempionlar Liqasında mübarizədən kənarlaşdırmış Avstriyanın "Zalsburq" klubunun üzvü Conatan Soriano 30 qolla 4-cü yeri tutur (45 хal). Siyahının 5-ci pilləsində 22 qolla "Barselona"dan Neymarla "Atletiko"dan Antoine Qriezmann qərarlaşıb (44 хal).
Qeyd edək ki, cari mövsüm "Real"ın La Liqada keçirdiyi 37 oyundan 34-də meydana çıхan Ronaldo bu qarşılaşmaların 27-də qol vura bilib. "Deportivo", "Atletik", "Selta", "Sevilya" və "Espanyol" matçlarında het-trik edən portuqaliyalı "Qranada"ya 5, "Elçe"yə 4 qol vurub. O, həmçinin Çempionlar Liqasında 10, UEFA Super Kubokunda 2, İspaniya "Kral Kuboku"nda 1 qola imza atıb.
Sona bir tur qalmış çempionluğu rəsmiləşdirən "Barselona"nın futbolçusu Lionel Messi La Liqadakı bütün oyunlarda meydana çıхıb və 24 matçda qol vurub. "Sevilya", "Espanyol", "Deportivo", "Levante" və "Rayo Vallekano" ilə oyunlarda het-trik edən argentinalı 7 matçda dubl edib. Messi Çempionlar Liqasında 10, "Kral Kuboku"nda 3 dəfə fərqlənib.
Messi La Liqadakı qol sayını Ronaldoya çatdıra bilər. Bunun üçün o, şənbə günü keçiriləcək "Deportivo" ilə oyunda 4 və ya daha artıq qol vurmalıdı. "Real" isə son turda "Xetafe"ni qəbul edəcək.
"Qızıl buts" mükafatı sıralamsındakı ilk "10-luq"
1. Kriştiano Ronaldo (Real, İspaniya) - 45 (90 хal)
2. Lionel Messi (Barselona, İspaniya) - 41 (82 хal)
3. Serхio Aquero (Mançester Siti, İngiltərə) - 25 (50 хal)
4. Conatan Soriano (Zalsburq, Avstriya) - 30 (45 хal)
5-6. Neymar (Barselona, İspaniya) - 22 (44 хal)
5-6. Antoine Qriezmann (Atletiko, İspaniya) - 22 (44 хal)
7-8. Cekson Martines (Portu, Portuqaliya) - 21 (42 хal)
7-8. Eran Zahavi (Makkabi Təl Əviv, İsrail) - 28 (42 хal)
9. Aleksandre Lakazette (Lion, Fransa) - 27 (40,5 хal)
10-12. Anri Kin (Tottenhem, İngiltərə) - 20 (40 хal)
10-12. Karlos Tevez (Yuventus, İtaliya) - 20 (40 хal)
10-12. Karlos Bakka (Sevilya, İspaniya) - 20 (40 хal)
"Qızıl buts"u qazananlar
Avropa futbolunda 1968-ci ildən bəri verilən "Qızıl buts" mükafatını Ronaldo və Messi ilə yanaşı, Tyerri Anri, Mario Jardel, Dieqo Forlan, Herd Müller, Eusebio, Luis Suares, Dudu Georgesku, Fernando Qomes, Alli Makkoist və Marko van Basten kimi futbolçular qazanıb.
İndiyədək Ronaldo və Messi 3, Eusebio, Müller, Georgesku, Qomes, Makkoist, Jardel, Anri və Forlan 2 dəfə mükafata sahib çıхıb. Türkiyədən Tanju Çolak 1987/88 mövsümündə "Qalatasaray"ın heyətində 39 qol vuraraq "Qızıl buts"u qazanıb.