AFFA-nın idman direktoru Deril Uillard UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Şotlandiyanın "Seltik" klubu ilə üz-üzə gələcək "Qarabağ"la bağlı Britaniya mətbuatına danışıb.
Teleqraf.com xəbər verir ki, o, Azərbaycan çempionunun oyun üslubu haqda fikirlərini bölüşüb, digər məsələlərə toxunub:
"Qarabağ" Avropada inanılmaz təhlükəli komandadı. "Seltik"ə çox çətin olacaq. Bu komanda texnika baxımından əla göstəricilərə malikdi və topa yaxşı nəzarət edir. Milli çempionatda hücum futboluna üstünlük verirlər. Amma Avropada daha çox əks-hücum futbolu sərgiləyirlər. "Seltik"ə ilk 15 dəqiqədə heç də asan olmayacaq. Xüsusilə də Reynaldo böyük təhlükə mənbəyidi.
Reynaldo "Qarabağ"ın gənc braziliyalı ulduzudu. O, doğrudan da təkbətək epizodlarda çox inanılmaz üstünlüklərə malikdi. Mən ötən il bu komandanın Avstriya "Zalsburq"u ilə ev oyununda iştirak etmişdim. Həmin oyunda "Qarabağ" qalib gəldi. Xüsusilə ev oyunlarında çox böyük motivasiya ilə oynayırlar. Heyətdə daha bir braziliyalı - Riçard Almeyda da var. O da keyfiyyətli futbolçudu.
Mən "Seltik"in bu cütün aşkar favoriti olduğunu deməzdim. Onlar ilk növbədə Reynaldonu zərərsizləşdirmək haqda düşünməlidirlər. Əks halda braziliyalı onları məyus edə bilər".
Uillard "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov barədə də danışıb: "O, çox ağıllı məşqçidi. Komandaya yeni oyun üslubu gətirib. Ağdam klubu bir növ "Barselona" stilində oynayır. Futbolçuların mövqeyi, topa sahib olma baxımından bu komandalar arasında oxşarlıqlar var".
Britaniyalı mütəxəssis "Qarabağ"ın böyük azarkeş dəstəyinə malik olduğunu bildirib: "Qarabağ" "Seltik"ə qarşı oyunda böyük azarkeş dəstəyinə malik olacaq. Azərbaycanda ən böyük klub "Neftçi" hesab olunur. Amma "Qarabağ" da Azərbaycanda elə bir klubdurki, hətta ən sevimliniz olmasa da belə, ikinci komandanızdı.
Bu komandanı ölkədə hər kəs sevir. Çünki Ermənistanla münaqişə səbəbindən bu klub doğma Ağdam şəhərini tərk edərək, Bakıda məskunlaşmaq məcburiyyətində qalıb. Hətta indi də cəbhə xəttində atışma səsləri eşitmək olur. Azərbaycanlılar işğal altında olan bölgələrə xüsusi hisslər bəsləyirlər".
Rüstəm