"Çox gözəl oyun oldu. İlk dəfədir ki, bu mərhələyə qədər irəliləmişik. Buna inanmırdıq. Ancaq bacardıq. Hamımız sevincliyik".
Teleqraf.com-un məlumatına görə, bu sözləri "Qəbələ"nin prezidenti Tale Heydərov Avropa Liqasının III təsnifat mərhələsində "Apollon"a qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Klub prezidenti hədəflərinin qrup mərhələsinə vəsiqə qazanmaq olduğunu bildirib: "Pley-off mərhələsini keçmək bundan da çətin olacaq. Lakin biz qarşımıza məqsəd qoymuşuq ki, qrup mərhələsinə vəsiqə qazanaq. Bunun üçün hər kəs əlindən gələni edəcək.
Ola bilər ki, daha bir transfer etdik. Bununla bağlı söhbətlər gedir. Pley-off mərhələsinin oyununu daha böyük stadionda keçirməyimiz mümkündür. Gördüyünüz kimi azarkeşler komandamızı yaxşı dəstəkləyirlər. Futbolçulara veriləcək mükafata gəlincə onu deyim ki, mətbuatda gedən rəqəmlər həqiqətə uyğu deyildi, həddən artıq şişirdilib. Amma futbolçları həvəsləndirmək üçün hər dəfə mərhələ keçəndə onlara pul mükafatı veririk".
Qeyd edək ki, "Qəbələ"nin pley-off mərhələsindəki rəqibi sabah müəyyənləşəcək.