Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir.
Teleqraf.com AzərTac-a istinadla xəbər verir ki, avqustun 10-da qadınlar arasında tapançadan 10 və 25 metr məsafəyə, kişilər arasında isə 50 metr məsafəyə atəş açma yarışlarına start verilib.
Bu yarışlarda Azərbaycanı qadınlardan Nigar Nəsirova, Zərifə Qasımova, Xəyalə Hüseynli, Leyla Mirzəzadə, Rübabə Quluzadə, Ülviyyə Eyvazova, kişilərdən Ülfan Axundov, Elvin Astanov, Məmmədəli Abdullayev və Rəsul Məmmədov təmsil edir. Dünya Kuboku yarışlarında Olimpiya Oyunları zamanı medal qazanmış 50-dən çox idmançı iştirak edir. Həmçinin atıcıların 100-dən çoxu dünya çempionatlarının mükafatçısıdır.
İdmançılar arasında 3 və ya 4 dəfə Olimpiya çempionu olanlar da var. Atıcılığın 17 növü üzrə təşkil olunan bu yarışlarda idmançılar 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunları üçün 34 lisenziya uğrunda mübarizə aparırlar. Ölkəmizi bu mötəbər yarışlarda 27 idmançı təmsil edir.