Azərbaycanın yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etməsi barədə qərar qəbul olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Yelkənli Qayıq İdmanı Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yunanıstanın Afina şəhərində yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə Beynəlxalq Assosiasiyanın Baş Assambleyası keçirilib. Assambleya çərçivəsində yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə təşkil olunacaq dünya çempionatına ev sahibliyi edəcək ölkənin müəyyənləşdirilməsi məqsədilə səsvermə keçirilib. Assambleyada 254 səs çoxluğu ilə Azərbaycanın yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etməsi barədə qərar qəbul olunub.
Yelkənli qayıqların 470 Olimpiya sinfi iki əllə idarə olunan yarış qayıqlarıdır. Bu sinfin adı onun ümumi uzunluğunun santimetrlə ölçüsündən yaranıb (qayıq 4.70 metr uzunluğundadır). Bu qayıqlar sürətli üzmə qabiliyyətinə malikdirlər. 470 Olimpiya sinfinə aid olan həmin qayıqların çəkisinə nisbətən iri həcmli yelkənləri vardır ki, bu da qayıqların avtomobillərlə müqayisədə sanki dəniz avtomobili kimi dənizdə yüksək sürətlə və manevrlə idarə olunmasına şərait yaradır.
Bu idman növü 1976-cı ildən Olimpiya sinfinə daxil edilmiş 10 yelkənli qayıqlar üzrə idman növündən biridir. Üç yüz nəfərdən çox idmançının iştirak etdiyi bu idman növü üzrə yarışlar dənizdə keçirilən ən böyük yarışlardan biri hesab olunur..
Rüstəm