20 İyun 2016 14:16
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda təbii qazın keyfiyyətinin yoxlanılması ilə bağlı Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin nəzdində laboratoriya qurulacaq.

Bunu bugünlərdə idarənin baş məsləhətçisi Samid Əliyev bildirib.

Onun sözlərinə görə, artıq laboratoriya qurulub və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən akkreditasiyadan keçir: “Laboratoriya 2-3 aya tam fəaliyyətə başlayacaq. İstehlakçıdan qazın keyfiyyəti və tərkibi ilə əlaqədar olaraq hər hansı şikayət daxil olarsa, Dövlət Xidmətinin əməkdaşları yerində qazın analizini götürəcək, ardından laboratoriyada yoxlayıb, onun standarta uyğun olub-olmadığını təyin edəcək”.

Qurum rəsmisi əlavə edib ki, indiyə qədər dəm qazından zəhərlənmə halları baş verən zaman qazın keyfiyyəti araşdırılmayıb: “Biz hesab edirik ki, dəm qazından zəhərlənmələrin əsas səbəblərindən biri qazın keyfiyyətsiz olmasıdır. Çünki yanma prosesi düzgün getmir və bunun nəticəsində orada yanmamış qazlar əmələ gəlir. Dövlət Xidməti bu məsələ ilə ciddi məşğul olacaq və bu cür hal və ya hadisə baş verərsə, mütləq qazın tərkibi də araşdırma predmeti olacaq.

"Azəriqaz" qazın keyfiyyətini ayda 3 dəfə yoxlamalıdır. Lakin bunu edirlərmi? SOCAR qazı özü istehsal edir. Bundan başqa, qazı satan, yəni istehlakçıya çatdıran, keyfiyyətini yoxlayan da özüdür. Dövlət standartlarına uyğun olaraq hər bir kubmetr üçün 7 600 kilokalori istilik ötürmə qabiliyyəti nəzərdə tutulur. Amma "Azəriqaz" əməkdaşları bunu dövlət müqavilələrində 8000 kilokalori kimi qeyd edir. Onlar əmin edirlər ki, qazın keyfiyyəti yüksəkdir, lakin evimizdə çaydan 3 saata qaynayır.

Əslində, bu, istehlakçının hüquqlarının pozulması deməkdir. Qazın tərkibində hava qarışığı olmalıdır. Hava qarışığı həddindən artıq çox olarsa, partlayışa səbəb olar. Belə hallar son zamanlar çox olub”.

“Bu açıqlama məsləhətçinin şəxsi fikridir”

SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev Teleqraf.com-a açıqlamasında bildirib ki, Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin məsləhətçisinin verdiyi açıqlama əsassızdır: “Mən həmin açıqlamanı oxudum və araşdırma apardım. Mütəxəssislərimiz rəy verdi ki, bu, əsasız ittihamdır”.

Nizaməddin Quliyevinm sözlərinə görə, SOCAR qazın tərkibini mütəmadi yoxlayır: “Bu açıqlama həmin məsləhətçinin şəxsi fikri də ola bilər. Dövlət Qaz Nəzarəti İdarəsinin rəhbərliyi bu məsələni araşdırsa bilinəcək ki, deyilənlər əsassızdır”.

“Hansı əsasla deyirlər ki, qazın keyfiyyəti aşağıdır?”

“Azəriqaz” İstehsalat Birliyinin sabiq idarə rəisi Nüsrət Qasımov bildirib ki, Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsi çoxdan fəaliyyət göstərir: “Bu idarənin əməkdaşları indiyə kimi harada yatmışdırlar ki, indi hökumət qərar qəbul edəndən sonra duyuq düşdülər? Onların qazın tərkibini öyrənmək üçün laboratoriyası yoxdur, hələ bundan sonra təşkil olunacaq. Hansı əsasla deyirlər ki, qazın keyfiyyəti aşağıdır? Laboratoriya olmadan belə bir sözü demək olmaz”.

Nüsrət Qasımov deyir ki, ən keyfiyyətli qaz Azərbaycanda çıxır: “Onun tərkibi 94-96 faiz metandan ibarətdir. Xam qaz Qaradağda Qaz emalı zavoduna gətirilir, yoxlanılır və 55, 55, 42, 87 rəqəmlərlə standartlaşdırılır. Daha sonra əhaliyə verilir”.

Sabiq idarə rəisi deyir ki, əhalinin zəhərlənməsinin 99 faizi hamamda ya da yataq otağında olur: “Bunun səbəbi qazın istifadə qaydalarının pozulmasıdır. Gün ərzində evdar qadınlar mətbəxdə işləyir. Qazın keyfiyyəti yoxdursa, onlar niyə zəhərlənib ölmürlər? Qazdan zəhərlənməyə görə maarifləndirmə işi davam etdirliməlidi. Çünki zəhərlənmələrdə əhalinin səhlənkarlığı əsas rol oynayır. Tüstü bacalarını quraşdlırılan zaman inşaat norma qaydalarına əməl olunmur”.

“Dediklərini sübut etsinlər”

Qazın tərkibinin laboratoriya şəraitində yoxlanmalı olduğunu deyən Nüsrət Qasımovun sözlərinə görə, bunun üçün hökumətə tabe olmayan müstəqil laboratoriyalar quraşdırılmalı, ictimai nəzarət gücləndirilməlidir: “Qazın tərkibi ilə bağlı hamı məsləhət verir, iş görən yoxdur. Nəzarət xidməti müstəqil laboratoriya düzəltsin, qazın tərkibi yoxlasın və dedikləri sözləri sübut etsinlər. Bu, dövlətin də, əhalinin də xeyrinə olar. Mən işlədiyim vaxt müxtəlif yerlərdən qazı futbol topu kameralarına yığırdıq və laboratoriyada metanın, kükürdün tərkibini yoxlayırdıq. Bildiyim qədəri ilə indi də yoxlanılır”.

Ekspert deyir ki, xarici ölkələrdə evlər qaz siqnalizasiya aparatları ilə təchiz olunub: “Hamam, restoran və evlərdə bu siqnalizasiya quraşdırılır. Qaz sızması zamanı yanan monooksid qaz ayrılarsa, dərhal siqnal ötürülür və Fövqəladə Hallar Nazirliyi problemi aradan qaldırır. Bizdə də bu siqnalizasiya aparatları tətbiq olunmalıdır”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər