İyulun 15-də Azərbaycanın maliyyə naziri Samir Şərifov İsveçrənin maliyyə naziri Ulrix Maurerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və İsveçrə arasında olan ikitərəfli münasibətlər müzakirə edilib, həmçinin beynəlxalq maliyyə qurumlarında, o cümlədən Beynəlxalq Valyuta Fondu və Dünya Bankında İsveçrənin rəhbərlik etdiyi seçki qruplarında iki ölkə arasındakı uğurlu əməkdaşlıq yüksək qiymətləndirilib.
Maliyyə naziri S.Şərifov isveçrəli həmkarına Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə qeyri-neft sahəsində həyata keçirilən islahatlar haqqında məlumat verərək, gələcəkdə ölkənin ixrac potensialının əsasən kənd təsərrüfatı məhsullarının istehsalı, nəqliyyat, turizm və yaradılan sənaye parklarının təşkil olunacağını bildirib.
U.Maurer, öz növbəsində, Azərbaycanın qısa müddət ərzində yüksək templə inkişaf etdiyini vurğulayaraq, bununla da Avropa ölkələri arasında Azərbaycanın böyük rəğbət qazandığını bildirib. O, gələcəkdə İsveçrə-Azərbaycan münasibətlərinin möhkəmlənərək, əməkdaşlıq əlaqələrinin daha da artırılmasında maraqlı olduqlarını qeyd edib.