Əmanətlərin Sığortalanması Fondu “Qafqaz İnkişaf Bankı” və “Atrabank”ın qorunan əmanətçilərinə müraciət edib.
Fonddan Teleqraf.com-a verilən məlumata görə, Mərkəzi Bankın İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli 07/3 və 07/1 saylı qərarı ilə “Atrabank” ASC və “Qafqaz İnkişaf Bankı” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar 14 avqust 2007-ci il tarixdə 30 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Atrabank” ASC və 10 sentyabr 2007-ci il tarixdə 33 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Qafqaz İnkişaf Bankı” ASC 28 yanvar 2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və onlara verilmiş şəhadətnamə ləğv edilib.
Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)1594/2016 saylı qərardadına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurası tərəfindən təqdim olunmuş ərizə təmin olunmaqla Mərkəzi Bankın “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin iflas proseduruna dair ərizəsi qüvvədə qalıb və “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-də sığorta hadisəsi baş verib.
Əmanətlərin Sığortalanması Fondu 22 avqust 2016-cı il tarixdən etibarən kompensasiyaların ödənilməsi prosesini “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC vasitəsilə həyata keçirəcək.
“Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödəniş yeri haqqında daha dəqiq məlumat veriləcək.
Fond məlumat üçün bildirir ki, “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 (otuz) min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir, 30 min manatdan çox olan hissə isə ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.
İlhamə ƏBÜLFƏT