Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Dəyişikliklərə əsasən, fərmanın 2.6-2.8-ci bəndləri ləğv edilir.
Qanunun 4-cü maddəsində qeyd olunur:
4.1. Dövlət rüsumu tam məbləğdə dövlət büdcəsinə ödənilir.
Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizi müvafiq icra hakimiyyəti orqanının (Əmlak Məsələləri Dövlət Komitəsi - red.) işçilərinin (müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlarda fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülür.
Müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlarda dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərə görə ödənilən dövlət rüsumlarının 30 faizi müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - red) işçilərinin və həmin qurumlarda fəaliyyət göstərən digər dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülür.
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə ödənilən dövlət rüsumunun 20 faizi müvafiq icra hakimiyyəti orqanının (Daxili İşlər Nazirliyi - red.) pasport və qeydiyyat qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının (müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlarda fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə xüsusi hesaba köçürülür".
Fərmanın ləğv edilmiş bəndlərində isə deyilirdi:
"2.6. həmin Qanunun 4.1-ci maddəsinin ikinci abzasında “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi nəzərdə tutulur;
2.7. həmin Qanunun 4.1-ci maddəsinin üçüncü bəndində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, ikinci, üçüncü və dördüncü bəndlərində “müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlar” dedikdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri nəzərdə tutulur;
2.8. həmin Qanunun 4.1-ci maddəsinin dördüncü bəndində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur".
Beləliklə, dəyişikliklərə əsasən, Azərbaycanda dövlət rüsumlarının bir hissəsi artıq Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə və maddi təminatının yaxşılaşdırılmasına yönləndirilməyəcək.