20 Sentyabr 2016 16:18
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 20-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Potensialın Gücləndirilməsi İdarəsinin direktor müavini Brenda Mundianı və ÜGT-nin Ticarətin sadələşdirilməsinin tətbiqi proqramının koordinatoru Johanna Torstromu qəbul edib.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Aydın Əliyev müstəqil Azərbaycanın gömrük sisteminin beynəlxalq təşkilatlarla, xüsusilə Ümumdünya Gömrük Təşkilatı ilə qarşılıqlı əlaqələrinə toxunub, əməkaşlığın hazırki vəziyyətindən razılıqla söhbət açıb.

Artıq ÜGT-nin bir sıra beynəlxalq tədbirlərinə Azərbaycanın ev sahibliyi etdiyini, eləcə də ÜGT-nin Regional Tədris və Kinoloji mərkəzlərinin, Potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Azərbaycanda fəaliyyət göstərdiyini məmnunluqla diqqətə çatdıran Komitə sədri gələcəkdə də bu cür tədbirlərin respublikamızda keçiriləcəyinə ümidvar olduğunu bildirib, qarşılıqlı əməkdaşlığın gələcək perspektivlərindən bəhs edib.

Azərbaycan Gömrük Xidmətinin bugünki inkişaf trayektoriyasından da ətraflı söhbət açan DGK sədri Aydın Əliyev 25 yaşı tamam olacaq müstəqil Azərbaycan gömrüyünün təkmil bir struktura çevrildiyini diqqətə çatdırıb, gömrük sistemində kadr potensialının gücləndirilməsi ilə bağlı məsələlərin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

“Hər bir uğurlu fəaliyyətin arxasında peşəkar kadr dayanır”-deyə sözünə davam edən DGK sədri Aydın Əliyev bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs edib, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə bir sıra beynəlxalq tədbirlərin məhz Azərbaycanda keçirildiyini, təşkilatın Bakıda ofisinin də fəaliyyət göstərdiyini bildirib.

Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi İdarəsinin direktor müavini Brenda təmsil etdiyi təşkilatda Azərbaycan Gömrük Xidmətinin fəal rolunu yüksək qiymətləndirib. Qonaq ÜGT ilə respublikamızın gömrük sistemi arasında əlaqələrin müsbət məcrada inkişafından razılıqlarını ifadə edib, ÜGT-nin Azərbaycanda mövcud olan mərkəzlərinin və ofisinin fəaliyyətinin səmərəliliyinin daha da artırılması ilə bağlı gələcək perspektivlərdən söhbət açıb.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər