Azərbaycanlı iqtisadçı-ekspert Samir Əliyev ABŞ Mərkəzi Bankının bu gün Bakı vaxtilə saat 22:00-da keçirləcək toplantısı ilə bağlı proqnozunu açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, Samir Əliyev FED-in uçot dərəcələrini qaldırmağa hazırlaşmadığını deyib:
"Proseslər göstərir ki, FED-in uçot dərəcələrini nə bu gün, nə də noyabr iclasında qaldırması ehtimalı azdır. Açığı, dekabr iclasında da artım olacağı sual altındadır".
Samir Əliyevin sözlərinə görə, FED uzun müddətdir bazarı gərginlikdə saxlayır: "Ancaq getdikcə bazar iştirakçılarının FED-in açıqlamalarına etibarı azalır. Bu isə ABŞ mərkəzi bankının reputasiyasına zərbə vurmaqla yanaşı təhlükəli haldır.
Çünki bazarın FED qərarına gözləntisinin düzgün qurulmaması bazarlarda çalxalanmalara rəvac verə bilər. Təsəvvür edin ki, FED bu gün uçot dərəcəsini qaldırır, amma bazar buna hazır deyil. Belə vəziyyətdə dünyanın maliyyə bazarı çalxalanacaq. Bu isə ən azı FED-ə lazım deyil".
***
ABŞ Mərkəzi Bankı (FED) bu gün Bakı vaxtı ilə saat 22:00-da faiz qərarını açıqlayacaq.
Teleqraf.com-un məlumatına görə, bu fonda dünya valyuta birjalarında dolların qiyməti qismən bahalaşıb.
FED-in bu gün axşam faiz dərəcəsini artırması ehtimalları güclü olmasa da, investorlar diqqəti daha çox qurumun rəhbəri Janet Yellenin çıxışına yönəldiblər.
Janet Yellenin ABŞ Mərkəzi Bankının faiz qərarını açıqlayandan sonra mətbuat konfransındakı nitqi maraqla gözlənilir.