3 Oktyabr 2016 17:44
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 132 kilometrlik Bakı-Gəndob hissəsində yolun inşası zamanı podratçıların işinə nəzarətin zəif olması nəticəsində yol verilən konstruktiv səhvlər, həmçinin avtomobil yolu ilə əsasən Qubadan Bakı şəhərinə doğru olan istiqamətdə normadan artıq yüklənmiş yük maşınlarının (ümumi nəqliyyat vasitələrinin 67,82% təşkil edir) hərəkəti nəticəsində yolun monolit-beton örtüyündə çatlar və dağılmış hissələr yaranıb.

“Azəravtoyol” ASC-dən Teleqraf.com-a verilən məlumata görə, bir müddət bundan öncə Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Gəndob kəndindən başlayaraq Şabran rayonunun girişində yerləşən avtomobil körpüsünə qədər olan 11 km-lik və Siyəzən rayonunun Zarat kəndi ərazisində 5 km-lik deformasiyaya uğramış hissələrdə bərpa işləri aparılıb, yol yatağının yararsız qruntu qazılaraq çıxarılmış yenidən karbonat materialı tökülərək kipləşdirilib. Daha sonra yeni yol əsası inşa edilərək yeni asfalt-beton örtük döşənib.

Hazırda isə sözügedən avtomobil yolunun Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində bərpa işləri aparılır.

Avtomobil yolu ilə hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə Baş Dövlət Yol Polisinin stasionar postuna qədər 3 km-lik məsafədə aparılacaq.


Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin, Fövqaladə Hallar Nazirliyinin, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət agentliyinin sınaq laboratoriyalarının əməkdaşlarının xüsusi nəzarəti altında yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun görülür.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər