Dünya birjalarında neftin qiymətlərində ötən həftədən başlayan artımı davam etdirir.
Bu gün London əmtəə birjasında Brent markalı neftin qiyməti 1,05 faiz artıb. Bakı vaxtı ilə saat 16:02 radələrində Brent markalı neftin 1 barelinin qiyməti 51,82 dollara satılıb.
İqtisadçı İlham Şaban Teleqraf.com-a bildirib ki, müəyyən zaman çərçivəsində neftin qiyməti 60 dollar həddini də keçə bilər: “Bu o zaman reallaşa bilər ki, noyabrın 30-da OPEK ölkələrinin Vyana konfransında neft hasilatının azaldılması ilə bağlı bütün iştirakçıların əhval-ruhiyyəsində bazara neqativ təsir edəcək hər hansı bir amil sezilməsin.
Digər tərəfdən kvotaların ölkələr arasında bölüşdürülməsində reallığı əks etdirən mənzərə olsun və nəhayət, bu ərəfədə neftin qiyməti birjalarda 55 dollardan az olmasın. O zaman bazar buna növbəti günlərdə müsbət reaksiya verər və müəyyən zaman çərçivəsində neftin qiyməti 60 dollar həddini keçər”.
Qeyd edək ki, dünən hərraclar başa çatarkən Brent markalı neftin 1 barelinin qiyməti 50,87 dollar olub.
İlhamə ƏBÜLFƏT