“Açıqlanan rəsmi rəqəmlərə əsasən sərnişindaşımanın maya dəyəri 2015-ci ilin yekunlarına görə faktiki olaraq 54 qəpik, amortizasiya nəzərə alınmadan 32 qəpik təşkil edib”.
Bu sözləri “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Trend-ə açıqlamasında deyib.
Nəsimi Paşayevin sözlərinə görə, 2016-cı ilin 6 ayı ərzində sərnişindaşımanın maya dəyəri bir az da azalaraq 52,4 qəpik olub: "Hesablama Palatası da ötən ay açıqladığı hesabatında 2015-ci il üçün Bakı metrosunda bir sərnişinin daşınma xərcini 54 qəpik olaraq göstərmişdi. Ancaq cari ildə yeni tikilən obyektlərin balansa götürülməsi, kommunal xidmətlərin (su təchizatı və tullantı suları, elektrik enerjisi) qiymətlərinin artması metropolitendə xərclərin çoxalmasına gətirib çıxaracaq.
Bu da öz növbəsində, bir sərnişinin daşınma xərcini artıra bilər. Ancaq tarifi müəyyən etmək “Bakı Metropoliteni” QSC-nin səlahiyyətində olan məsələ deyil. Bakı metrosunda gediş haqqını Azərbaycan Respublikasının Tarif Şurası müəyyən edir".