ABŞ Federal Ehtiyat Sisteminin (FES) noyabrın 1-2-də keçirəcəyi növbəti iclasında uçot dərəcələrini sabit saxlaması gözlənilir.
"Report" "Vestifinance" saytına istinadən xəbər verir ki, FES-in iki günlük iclasda ABŞ iqtisadiyyatının sürətlənməsi fonunda dekabrda keçiriləcək növbəti iclasda uçot dərəcələrini artırmaq barədə siqnallar verməsi gözlənilir.
Belə ki, sentyabr iclasından etibarən ABŞ-da işsizlik müraciətləri azalır, inflyasiya artır, iqtisadi artım isə III rübdə gözləntilərdən daha da sürətli inkişaf göstərib. Bazar iştirakçıları FES-in uçot dərəcəsini artırmağa tam yaxın olduğunu, amma noyabrın 8-də keçiriləcək prezident seçkiləri öncəsində buna ehtiyac olmayacağını düşünürlər.
FES-in keçmiş əməkdaşı hazırda "JPMorgan " bankının iqtisadçısı olan Maykl Feroli (Michael Feroli) bildirib ki, hər kəs gərgin keçən ABŞ prezident seçkiləri ərəfəsində FES-in uçot dərəcələrini artırması siyasi cəhətdən təhlükəli olduğunu başa düşür.
Xatırladaq ki, uçot dərəcələri ilə bağlı FES-in qərarı sabah saat 22:00-da açıqlanacaq. Bu iclasda FES rəhbəri Janet Yellenin mətbuat konfransı keçirməyəcəyi bildirilib.