“Bu il neftə gündəlik qlobal tələbat 94 milyon 400 min barrel proqnozlaşdırılsa da, sentyabr və oktyabr ayları üzrə bu göstəricilər müvafiq olaraq 95 milyon 150 min barrel və 95 milyon 290 min barrel arasında qərarlaşıb”.
Teleqraf.com xəbər verir ki, bu barədə Natiq Əliyevin "Respublika" qəzetində dərc edilən məqaləsində qeyd edilib.
Nazir bildirib ki, bu ilin sentyabr -oktyabr aylarında qlobal neft təklifi gündəlik 96 milyon 400 min barrel və 97 milyon 800 min barrel təşkil edib: “Gündəlik neft hasilatı sentyabrda OPEC üzrə 33,39, qeyri-OPEC ölkələri üzrə isə 24,61 (ümumilikdə 56,4 mln barrel/sutka) həcmində olub. Oktyabrda OPEC-in neft hasilatı sentyabr ayı ilə müqayisədə gündəlik 33,64 milyon barellə yüksəlib.
OPEC-in məlumatlarına görə, Liviya hasilatı 3 ilin maksimumuna - gündə 528 min barellə çatdırılıb. Nigeriyada hasilat gündə 170 min barrel artaraq 1 milyon 628 min barrel, İranda 27,5 min barel artaraq 3 milyon 690 min barrel təşkil edib, İraqda isə hasilat son 8 ilin rekord səviyyəsinə - sutkada 4,561 milyon barrelə yüksəlib.
Səudiyyə Ərəbistanının oktyabrda sutka ərzində 10 milyon 583 min barrel neft hasil etdiyi bildirilir. Qeyri-OPEC ölkələrində gündəlik neft hasilatı üzrə göstərici 53,63 milyon barrel olub. Azərbaycan üzrə orta gündəlik neft hasilatı isə 0,87 milyon barrel həcmində qiymətləndirilib”.
Natiq Əliyev qeyd edib ki, neft hasilatı yüksələn xətt üzrə davam etməkdədir: “Təklif bolluğu nəticəsində bazarda neftin orta qiyməti, təxminən, 40 dollar civarında olub ki, bu da neft ixrac edən ölkələr üçün münasib rəqəm sayıla bilməz”.
İlhamə ƏBÜLFƏT