“Bu ilin birinci yarısında mənzil bazarında qiymət azalmalarının davam edəcəyi gözlənilir”.
Teleqraf.com-un məlumatına görə, iqtisadçı Vüqar Bayramov bu fikirdədir.
Son zamanlar Bakıda və bütövlükdə ölkədə mənzillərin qiymətinin necə dəyişəcəyi ilə bağlı çoxlu suallar aldığını bildirən iqtisadçı xatırladır ki, hələ 2013-cü ildə Bakıda mənzillərin qiymətinin süni şəkildə şişirdildiyi və qiymət azalmalarının qaçılmaz olduğunu söyləyib: "Xüsusən son 2 ildə ciddi qiymət azalmaları müşahidə edilir. Bu ilin birinci yarısında mənzil bazarında qiymət azalmalarının davam edəcəyi gözlənilir.
Bir tərəfdən, alıcılıq qabiliyyəti aşağı düşüb və bu da bazarda tələbin azalmasına səbəb olub. Rusiyada yaşayan həmyerlilərimiz də artıq Bakının mənzil bazarında tələb yaratmırlar. Digər tərəfdən, manatın bazar dəyəri müəyyənləşdirilmədiyi üçün potensial alıcılar da öz pullarını dollarda saxlamağa üstünlük verirlər.
Evi satanlar isə daha qısa zamanda mənzili satıb pulu xarici valyutaya çevirməyə üstünlük verdikləri üçün bazarda təklif də azalmır. Bu isə mənzil bazarında tələb və təklif arasında kəskin fərq yaradır. Manatın bazar məzənnəsi müəyyənləşənədək əmlak bazarındakı durğunluq qalacaq. Buna görə də milli valyutanın bazar dəyəri müəyyənləşməzsə yaxın aylarda əmlak bazarında tələb dəyişməyəcək və bu isə yeni qiymət azalamları deməkdir.
Vüqar Bayramov hesab edir ki, hazırda mənzillərin qiymətinin artması üçün heç bir ciddi iqtisadi səbəb yoxdur.
İlhamə ƏBÜLFƏT