6 Yanvar 2017 15:23
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əksər ölkələrdə devalvasiya prosesi gedir. Bizdə manatın məzənnəsi Mərkəzi Bank tərəfindən tənzimlənir, tam buraxılmayıb. Rusiya və Qazaxıstan milli valyutalarının məzənnəsini sərbəst buraxdı. Nəticədə rubl gəlib öz real qiymətini tapdı. Məsələn, əvvəl 1 dollar 29-30 rubl idi, sonra oldu 60-65 rubl. Təbii ki, məzənnəni tam sərbəst buraxdılar və sonrada onun əziyyətini çəkdilər. Ancaq iqtisadi qanunauyğunluqda bu təbii prosesdir. Həm də neftin qiymətinin aşağı düşməsi devalvasiya zərurəti yaratdı”.

Bunu Teleqraf.com-a iqtisadçı Oqtay Haqverdiyev bildirib. O, əlavə edib ki, Azərbaycan Mərkəzi Bankı da elan edib ki, sərbəst məzənnəyə keçid edəcək: “Ancaq hələlik manata nəzarət var. Yanvarın 1-dən məzənnə sərbəst buraxılıb. Bu zaman banklar istədiyi məzənnəni qoyacaq, Mərkəzi Bank isə situasiyadan asılı olaraq, bu prosesi tənzimləyəcək. İkincisi, bunu elan etmək bir, vəziyyətin necə cəryan edəcəyi isə başqa məsələdir”.

Oqtay Haqverdiyev deyib ki, rəsmilər də haqlı olaraq deyirlər ki, 2017-ci il nisbətən çətin olacaq: “Bunun özü mesajdır ki, 2017-ci ildə ehtiyatlı, qənaətcil olmaq lazımdır. Yəqin ki, hökumət ciddi tədbirlər görəcək. Xüsusilə, inflyasiya istiqamətində. Bütün hallarda inflyasiyanın qarşısı alınmalıdır. İnflyasiya real olmalıdır. Əks halda iqtisadiyyat aşağı düşür, üstəlik inflyasiya yüksəyə qalxır. Buna imkan vermək olmaz. Bu mənada hesab edirəm ki, hökumət müəyyən tədbirlər görəcək. Hər halda pul-kredit siyasəti dəyişməlidir. Əlbəttə, ilkin mərhələdə Yol Xəritələri kimi sənədlər var və bu sənədlərdə mühüm məsələlər qeyd edilib. Amma bunun həyata keçirilməsi məsələsi də var. Fikrimcə, bu məqama da ciddi fikir verilməlidir”.

İqtisadçı deyib ki, qonşu Gürcüstanda da devalvasiya prosesi gedir: “Onlar da əvvəldən larini tənzimləyirdi. Əslində onlara valyuta axını olmayıb. Valyuta axını daha çox Azərbaycana olub. Çünki neftin qiyməti yüksək idi və Azərbaycana böyük maliyyə daxil olurdu. Ancaq qiymət aşağı düşən kimi müəyyən problemlər ortaya çıxdı və bu zaman qeyri-neft sektorunun inkişafı üçün tədbirlər gündəmə gəldi. Hazırda Gürcüstanda maliyyə tənzimlənməsi əvvəlki qaydada yüksək həddə deyil. Çünki onların iqtisadiyyatına bizim qədər investisiya qoyulmayıb. Bəlkə də Gürcüstana ən böyük investisiyanı Azərbaycan qoyub”.

Cavad


Müəllif:

Oxşar xəbərlər