Yanvarın 30-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib. Dövlət başçısı konfransda giriş və yekun nitqi söylədi. Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasının bölgələrimizin simasını dəyişdirdiyini bildirib.
Prezident İlham Əliyev 2017-ci ildə Azərbaycanda 42 min ictimai iş yeri açılacağını qeyd edib. Bildirib ki, görüləcək digər tədbirlər hesabına on minlərlə iş yeri yaradılacaq və işsizlik aşağı səviyyədə qalacaq. “Əsas hədəflərimiz ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını artırmaqdır. Azərbaycana daha çox valyuta gələcək, manat öz sabitliyini qoruyacaq, neftdən asılılıq azalacaq, iş yerləri yaradılacaq, sahibkarlıq inkişaf edəcək”, deyən dövlət başçısı Azərbaycanda həyata keçirilən siyasətin məqsədinin ölkəni gücləndirmək, müstəqilliyi möhkəmləndirmək və dayanıqlı inkişafa nail olmaqdan ibarət olduğunu vurğulayıb. Prezident 2017-ci ili də uğurla başa vurmağımız üçün bütün lazımi tədbirlər görüləcəyini söyləyib.
Konfransla bağlı fikirlərini Teleqraf.com-un əməkdaşı ilə bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov regionların sosial-iqtisadi inkişafına dair proqramın artıq sayca üçüncü proqram olduğunu bildirib. O qeyd edib ki, idiyədək Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair üç dövlət proqramı qəbul olunub: “Birinci proqram 2004-2008, ikinci 2009-2013-cü illəri, üçüncü proqram isə 2014-2018-ci illəri əhatə edir. Yanvarın 30-da keçirilən konfrans üçüncü dövlət proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuşdu. Cənab prezident konfransda görülən işlər barədə fikirlərini bildirdi”.
V.Əhmədov qeyd edib ki, ilk iki proqram əsasən regionlarda infrastruktur layihələrinin həyata keçirilməsinə həsr edilmişdi: “Yəni, regionların qazla, su ilə təminatı, yolların vəziyyəti və sair məsələlər üzrə işlər həmin proqram çərçivəsində həyata keçirildi. Bu işlərin də əksəriyyəti həmin proqramlar çərçivəsində həyata keçirilmişdi. Həyata keçirlməyən işlərin də növbəti proqramda həyata keçirilməsi qərara alınmışdı. Bu konfransın əsas müzakirə mövzularından biri də Azərbaycanda gedən islahatlarla və bu islahatların Strateji Yol Xəritəsinə uyğun olaraq aparılması, o cümlədən kənd təsərrüfatına yardım edilməsi, kənd təsərrüfatında əkinə yararlı torpaqların becərilməsi ilə bağlı idi. Hətta, cənab prezident ilk dəfə olaraq hər bir rayon üzrə konkret rəqəmlər söylədi və bildirdi ki, bu məsələ daim ciddi nəzarətdə saxlanılacaq. Rayon icra hakimiyyəti başçıları və digər aidiyyatı təşkilatlara xəbərdarlıq etdi ki, bu məsələdə diqqətli olsunlar. Yəni, ümumiyyətlə indiki vəziyyətdə regionların sosial-iqtisadi inkişafının çox böyük əhəmiyyəti var. Regionların inkişafı, xüsusilə qeyri-neft sektorunun inkişafı, regionlar vasitəsilə ixrac yönümlü məhsulların sayının artırılması, ixracın daha da genişləndirilməsi Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir”.
Konfransda geniş müzakirələrin aparıldığını xatırladan V.Əhmədov müzakirələr zamanı Azərbaycanda gedən islahatların önəmi, bu islahatlardan əldə olunan gəlirlərə, qeyri-neft sektorunun inkişafı kimi məsələlərə toxunulduğunu vurğulayıb: “Əsas diqqət yenə də cənab prezidentin həm sahibkarlara, həm də dövlət məmurlarına dediyi kimi, ixracyönümlü məhsulların istehsalının artırılmasına, kənd təsərrüfatında əkin sahələrinin genişləndirilməsinə yönəldi. Hesab edirəm ki, bu cür konfransların keçirilməsi çox böyük əhəmiyyət kəsb edir”.
Konfrans zamanı Prezident İlham Əliyevin məmur-xalq münasibətlərinə toxunduğunu xatırladan V.Əhmədov dövlət başçısının bəzi məmurların özünü yaxşı aparmamaları, xalqdan müəyyən qədər aralı düşmələri və sair məsələlərə dair xəbərdarlıq etdiyini deyib: “Cənab prezident məmurların xalq üçün işləmələrinə, xalqla bir yerdə olmalarına dair önəmli mesajlar verdi. O cümlədən icra başçılarının aparılan islahatlarla əlaqədar çox ciddi işlər görməli olduqlarını vurğuladı. Qeyd etdi ki, məmurlar rüşvətxorluğa, korrupsiyaya yol verməməlidirlər. Bundan uzaq olmalıdırlar və sair”.
Bütövlükdə konfransı müsbət qiymətləndirən V.Əhmədov bu cür konfransların nəticələrinin hər zaman müsbət olduğunu vurğulayıb: “Çünki sahibkarlar Prezident İlham Əliyevin çıxışından sonra müəyyən toplantılar, iclaslar keçirirlər. Mən fikir verdim, konfransdan sonra orda Dövlət Gömrük Komitəsinin sədri, iqtisadiyyat naziri, vergilər nazirinin iştirakı ilə sahibkarlar özləri idxal-ixrac, vergilər və sahibkarlıqla bağlı müəyyən məsələlər qaldırırdılar. Hamı da öz sualına cavab alırdı. Bu da çox müsbət haldır”.
Səxavət HƏMİD