“Ötən il Əmlak Məsələləri Dövlət Komitəsinin xətti ilə 4-dən artıq hərrac keçirilib”.
Bu barədə Prezidenti Administrasiyası Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirilib.
Məqalədə qeyd olunub ki, bu hərraclarda 111 dövlət əmlakı, ümumilikdə isə ilin əvvəlindən indiyədək 230-a yaxın kiçik dövlət müəssisəsi və obyekti, qeyri-yaşayış sahəsi, yarımçıq tikili, 140-dan çox müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Ötən dövrdə 126 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydə alınıb, bunlardan 36 mini ilkin, 90 mini isə təkrar qeydiyyatdır. Bu gün Azərbaycan iqtisadiyyatında ümumi məhsulun 75 faizi özəl sektorun payına düşür.
Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov deyir ki, hərraca çıxarılan müəssisə alınmasa, o, yenidən özəlləşdirməyə qoyula bilər: “Qanuna əsasən, əmlakın bir neçə dəfə hərraca çıxarılması mümkündür. Amma təkrar qiymətləndirmədə fərq olur”.
Qulu Xəlilov deyir ki, bəzən əmlak müəyyən şərtlər daxilndə özəlləşməyə verilir: “Qanunla bəzi dövlət əmlakı özəlləşən zaman onun fəaliyyətinə şərt qoyulur. Belə müəssisə profilinə uyğun işləməldir. Adətən, kiçik dövlət müəssisəsini sahibkar istədiyi sahəyə yönəldə bilər”.
Komitə rəsmisi bildirib ki, hərracda özəlləşdirilən müəssisələrə investorlar sərmayə yatırır və onların fəaliyyəti genişləndirilir: “Beləliklə, özəlləşdirilən əmlaklar ciddi biznes obyektinə çevirilir. Nəzərə alsaq ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafına böyük ehtiyac var, bu baxımdan, özəlləşdirmənin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu proses həm iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması, həm də investisiya mühitinin sağlamlaşdırılması baxımından əlverişlidir”.
Ekspert Hafiz Babalının sözlərinə görə, Əmlak Məsələləri Dövlət Komitəsinin əvvəldən balansında olmuş qeyri-yaşayış binaları fəaliyyətini dayandırdıqda, komitə həmin binanın balans saxlayıcısı olduğu üçün dövlət adından mülkiyyətçi sayılır və onu satışa çıxarır: “Bu sahədə son dövlər aktivlik müşahidə olunur. İnvestorlar üçün müəyyən qədər maraq doğuran obyektlər hərraca çıxarılır. Ümumi əmlak bazarında xüsusi aktivlik olmadığı üçün alıcıların tapılması istənilən halda pozitv hadisədir.
Hərrac zamanı qeyri-yaşayış binalarına əlçatanlıq var. Bəzi əmlaklarda hətta rəqabətlik də müşahidə olunur. Bunlar çox müsbət haldır. Amma Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmənin ümumi fəlsəfəsinə yanaşmada, üzərinə düşən işləri tam yerinə yetirməkdə kifayət qədər uğurlu addımlar atmır. Komitənin özəlləşdirməli olduğu əmlaklar hələ də qalıb. Bunların özəlləşdirilməyə çıxarılması, qiymətləndirilməsi, investorlara təklif olunmasında problemlər var.
Bəzi müəssəsələrin ümumi təhlili ilə bağlı məsləhətçi şirkətlər cəlb olunur. Onların xidmətləri heç də ucuz başa gəlmir. Amma son və uğurlu nəticəyə şahdi olmuruq. Özəlləşdirməyə məsləhətçi cəlb olunursa, niyə həmin binalar özəlləşmir? Məlum olur ki, cəlb edilmiş şirkətlərin məsləhətləri elə də əhəmiyyətli və ya praktik deyilmiş...”
Ekspertin sözlərinə görə, son dövrlər investisiya yolu ilə özəlləşdirilməsi nəzərdə tutulan 2-3 müəssisə var: “Təssüf ki, nəticə ürəkaçan deyil. Bu mənada məsləhətçi şirkətlərin fəaliyyətinin elə də uğurlu olmadığı ortaya çıxır. Keçən ilin iyulunda “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdilməsi üçün seçilmiş şirkət onun 99,82 faizinin özəlləşdirməsi üçün bir paket şəklində bir investora satılması ilə bağlı təklif verib və dövlətin büdcəsinə ödəniləcək çox yüksək məbləğ müəyyən olunub.
Bu məbləğ əvvəl 110 milyon, sonra isə 100 milyon manata endirildi. İnvestisiyanın həcmi də 600 milyon dollar olaraq qiymətləndirildi. Yəni bu qədər sərmayə qoyulmalıdır ki, ASC yenidən sağlamlaşdırılsın və əlavə müəssələr qurulsun. Artıq 4-cü dəfədir, bu müəssisə eyni şərtlərlə özəlləşdirilməsi ilə bağlı cəhdlər edilir və investor tapılmır.
Eyni hal başqa müəssələrdə də var. Yəni bu halları bəzən başa düşmək olur. Azərbaycanda investisiya mühiti o qədər də cəlbedici deyil. Mən öz dediklərimi son həqiqət kimi hesab etmirəm. İnvestorlar o yerə gedir ki, orda əlverişli mühit mövcuddur. Oyunçuların artması üçün şərtlər yumşadılmalıdır.
Hər hansı müəssisənin özəlləşdirilməsi üçün 100 milyon manat vəsaitin dövlət büdcəsinə ödənilməsi investorın ilk həmlədə “silahsızlaşdırılması”dır. Həmin pul müəssisənin işçilərinin əmək haqlarına yönəldilsə, müəssisənin inkişafına gətirər”.
Hafiz Babalı qeyd edib ki, ötən ilin oktyabr-noyabr aylarında Nazirlər Kabinetinin qərarı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin çox saylı obyektləri özəlləşdirməyə açıldı: “Bir müddətdən sonar aktivlik zəiflədi. Yaxın vaxtlarda yay fəsli olacaq, amma özəlləşdirməyə açıq elan olunmuş istirahət zonaları qiymətləndirilib satışa çıxarılmayıb. Proses hələ də ləngiyir. Sankı özəlləçdirilmə ilə büdcənin doldurulmasına ehtiyac yoxdur”.
İlhamə ƏBÜLFƏT