Teleqraf.com Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, Azərbaycanı tədbirdə Komitənin sədri Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Aprelin 20-də konfrans çərçivəsində keçirilən panel iclasda müzakirəyə çıxarılan məsələ ÜGT-nin Avropa Regionunda "Tranzitlə bağlı gələcəyə baxış" adlı konsepsiya sənədi olub. Bu sənədlə əlaqədar müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri də çıxış edib.
A.Əliyev Azərbaycanın tranzit yükdaşımaları sahəsində əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib, ölkədə nəqliyyat infrastrukturunun inkişafı, tranzit yükdaşımalarının asanlaşdırılması və sürətləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Konfransın gedişində ÜGT-nin 2017-2018-ci illərdə Siyasi, Maliyyə və Audit komissiyalarında "Bergen sazişi"nə müvafiq olaraq təmsilçilik və ÜGT-nin funksiyalarına dair idarəçilik məsələlərinə baxılıb. Həmçinin, Avstraliya nümayəndə heyətinin "İdarəetmə sənədi" ilə bağlı təqdimatı və sənədin müzakirələri keçirilib.
Konfransda Azərbaycanın ÜGT-nin Siyasi Komissiyasına üzvlüyünün bir neçə aydan sonra başa çatacağı nəzərə alınaraq, Azərbaycanın ÜGT-nin Maliyyə Komitəsinə üzvlüyə namizədliyi irəli sürülüb və qəbul olunub.
Daha sonra ÜGT-nin Avropa Regionu üzvləri olan nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə təşkilatın baş katibi və baş katibin müavini vəzifələri, eləcə də Gömrük Əməkdaşlıq Şurası Konvensiyasına qoşulmaya dair siyasi məsələlərə baxılıb.
A.Əliyev ÜGT-nin baş katibi vəzifəsinə və ümumiyyətlə təşkilatın seçki məsələləri ilə bağlı bildirib ki, seçkilər zamanı ÜGT-nin bəzi üzvlərinin öz imtiyazlarından sui-istifadə etməsi, digər üzv ölkələrə qarşı haqsızlığa yol verilməsi halları hələ də müşahidə olunur. O, vurğulayıb ki, bu problemin birdəfəlik həll edilməsinin zamanı yetişib.
Baş katib vəzifəsinə seçkilərin keçirilməsi gələn ilə planlaşdırıldığı üçün məsələnin bu gün qaldırılmasını və seçkilərə məhdudiyyət qoyulmasını subyektiv hal kimi dəyərləndirən A.Əliyev məsələyə gələn ilki seçkilərdən sonra baxılmasını təklif edib. O, Kosovonun ÜGT-yə üzvlüyə qəbul edilməsi məsələsinə Azərbaycan tərəfinin münasibətini açıqlayıb.
DGK sədri xatırladıb ki, bu məsələ 2012-ci ildə ÜGT-nin baş qərargahında keçirilən Gömrük Əməkdaşlıq Şurasının 119/120-ci sessiyalarında da qaldırılıb. Azərbaycan tərəfi hələ o zaman ÜGT və BMT-nin müvafiq sənədlərinə əsaslanaraq, bu məsələnin ümumiyyətlə müzakirə predmeti olmadığını diqqətə çatdırıb.
A.Əliyev Azərbaycanın, digər dövlətlərin də ərazi toxunulmazlığı problemi ilə üzləşdiyini bir daha diqqətə çatdıraraq ÜGT-nin siyasi məsələlərin meydanına çevrilməsini yolverilməz sayıb. O, qeyd edib ki, Azərbaycan Kosovonun müstəqilliyini tanımır və birtərəfli elan olunan müstəqillik beynəlxalq hüquqa ziddir. ÜGT-nin qarşısında həlli vacib problemlər durduğu halda, gömrük məsələləri üzrə dövlətlərin əməkdaşlığı üçün yaradılmış bir təşkilatın iclaslarında siyasi məsələlərə yer ayrılmamalıdır. Üstəlik, Kosovo ilə bağlı məsələ 2012-ci ildə ÜGT-nin Siyasi Komissiyasında müzakirə olunub və Kosovonun təşkilata üzvlüyə qəbul edilməməsi barədə qərar qəbul edilib. Bu qərar qüvvədə olduğu üçün Azərbaycan tərəfi üzvlük məsələsinin yenidən müzakirəyə çıxarılmasını məqsədəuyğun saymır.
Konfrans öz işini bu gün yekunlaşdıracaq.