Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev bildirib.
Onun sözlərində görə, sabitlik üçün pul ayırandan sonra valyuta bazarında sabitlik yaranıb: “Təbii ki, sabitlik təkcə bununla bağlı deyil. Bir tərəfdən Mərkəzi Bankın pul kütləsi, digər tərəfdən isə nağdsız dövriyyə ilə bağlı məhdudiyyətlər tətbiq edildi. Bütün bunlar dollara tələbatı inzibati metodlardan istifadə etməklə azaltdı. Bu səbəblərdən manata olan təzyiq azaldı.
İndi hərrac keçirilir və dollar almağa maraq göstərilmir. Bu ilin sonuna qədər həmin mexanizmlər davam etdiriləcəksə, Mərkəzi Bank manatı istədiyi səviyyədə saxlaya biləcək. Buna görə də ilin sonuna qədər manatın səviyyəsində müəyyən sabitlik olması gözlənilir”.
Ekspertin fikrincə, manatın məzənnəsi ilin sonuna qədər indiki səviyyədə olmaya da bilər: “Düşünürəm ki, müəyyən dəyişiklik mümkündür. Amma kəskin dəyişiklik gözləmirəm. Dolların 1 manat 70 qəpik, 2 manat arasında dəyişikliyi gözləniləndir.
Əgər dünya bazarında fövqəladə bir hal baş verməsə, neft 40 dollardan aşağı düşməsə, manatı saxlamaq olacaq. Gələn il isə manatın taleyi Neft Fondundan makroiqtisadi sabitlik məqsədi ilə Mərkəzi Banka yenə pul ayırıb-ayırmayacağından və neftin qiymətindən asılı olacaq”.