5 Avqust 2017 12:27
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarına əsasən bu ilin birinci yarısında xarici ticarət dövriyyəsi 8.7 milyard dollar təşkil edib ki, bunun da 5.3 milyard dolları ixracın, 3.4 milyard dolları isə idxalın payına düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının bu ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalı hesabatında yerləşdirilib.

Məlumatda bildirilib ki, xarici ticarət balansında 1.9 milyard dollar məbləğində müsbət saldo əmələ gəlib.

Bu dövr ərzində 171 ölkə ilə ticarət əməliyyatları həyata keçirilib.

Ticarət dövriyyəsinin 37%-i Avropa İttifaqı (Aİ) ölkələrinin payına düşüb. Aİ ilə ticarət əlaqələrinin 41%-i İtaliya, 11%-i Almaniya, 8%-i, Portuqaliya, 6%-i isə Çexiya ilə həyata keçirilib.

MDB ölkələrinin ümumi ticarət dövriyyəsində xüsusi çəkisi 17% olub. Bu istiqamətdə ticarət dövriyyəsinin 65%-i Rusiya, 20%-i Ukraynanın payına düşüb. Ticarət əlaqələrinin 32%-i digər ölkələrlə saxlanılıb. Bu ölkələr qrupunda əsas tərəfdaşlar Türkiyə (43%), Çin (24%), Gürcüstan (10%), İsrail (8%), Hindistandır (8%). Hesabat dövründə əmtəə ixracı 36.5% artıb.

Bu artım həm neft, həm də qeyri-neft sektoru üzrə baş verib. Belə ki, ixracın dəyəri xam neft üzrə 28.8%, təbii qaz üzrə 6 dəfədən çox artıb.

Qeyri-neft sektoru üzrə xüsusən çay, meyvə-tərəvəz, pambiq lifi, elektrik enerjisi, alüminium ixracında artım müşahidə olunub.

İxracın həcmi çay üzrə 49.9%, meyvə- tərəvəz üzrə 38.2%, pambıq lifi üzrə 7.5 dəfə, elektrik enerjisi üzrə 4 dəfə, aluminium üzrə 29.4% artıb. Dövr ərzində ixracda əsas tərəfdaşlar İtaliya (23.1%), Türkiyə (11.7%), Çin (6.5%), Rusiya (5.5%), Portuqaliya (5%), Gürcüstan (4.5%) kimi ölkələr olub.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər