Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində manat ilin əvvəlindən 4% möhkəmlənib.
Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, bunu bankın sədri Elman Rüstəmov İdarə Heyətinin 2017-ci ilin yekunlarına həsr olunmuş geniş iclasında deyib.
E.Rüstəmovun sözlərinə görə, manatın möhkəmlənməsi inflyasiya gözləntilərinə və dollarlaşmaya azaldıcı təsir göstərmişdir.
Tədiyə balansının profisiti ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaratmışdır. Strateji ehtiyatlar 2017-ci ilin əvvəlinə nəzərən 4,2 mlrd.$ artaraq ilin sonuna 42 mlrd. ABŞ dolları təşkil etmişdir. Mərkəzi Bankın valyuta ehtiyatları isə 34% artaraq ilin sonuna 5.3 mlrd. ABŞ dolları təşkil etmişdir.
Çıxışda qeyd edildi ki, xarici şoklara adekvat olaraq həyata keçirilmiş siyasət tədbirləri nəticəsində 2017-ci ildə yeni makroiqtisadi sabitlik çərçivəsi formalaşdırılmış, ölkənin xarici və daxili balansı yaxşılaşmağa başlamışdır. Bu prosesdə Maliyyə Sabitliyi Şurası makroiqtisadi koordinasiya üçün effektiv platforma rolunu oynamışdır.