Beynəlxalq iqtisadi və maliyyə qurumları Azərbaycanın mövqeyini yüksək qiymətləndirir.
Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı Pərviz Heydərov deyib.
Onun sözlərinə görə, son 3 ildə Azərbaycanın yeni iqtisadi modelə keçməsi sahəsində böyük addımlar atılıb: “Hökumətin 2016-cı ilin əvvəlindən başlayaraq iqtisadiyyatda idarəetmə sistemini təkmilləşdirməsi, bütün istiqamətlər üzrə qənaətə keçməklə mövcud büdcə-vergi siyasətini dəyişdirməsi və pul-kredit siyasətini sərtləşdirməsi kimi tədbirləri öz nəticəsini verib.
Ötən ilə nəzər saldıqda iqtisadiyyatımızda stabillik yarandığına şahid oluruq. 2017-ci ildə qeyri-neft sektorunda 2,5, qeyri-neft sənaye sahəsində 3, aqrar sektorda isə 4 faizdən çox inkişaf var.
Ölkənin ixrac potensialından səmərəli istifadə olunması üzrə görülən işlər uğurlu nəticələr verməyə başlayıb”.
Pərviz Heydərov qeyd edib ki, hökumət 2018-ci ildə ÜDM-in artımını 1,5 faiz, orta illik inflyasiyanı 6,1 faiz səviyyəsində proqnozlaşdırıb: “Bu il qeyri-neft sektorunda 2,9 faiz, növbəti illərdə isə orta hesabla 3 faizdən yuxarı artım proqnozlaşdırılır.
Beynəlxalq qurumlar da ölkəmizin ÜDM artımına nikbin yanaşır.
Son on il ərzində həyata keçirilən davamlı iqtisadi islahatlar nəticəsində ölkəmizin Asiya-Sakit Okean regionunda 43 ölkə arasında 14-cü yeri tutduğu qeyd olunub. Sözügedən indeks üzrə Azərbaycan İtaliya, Fransa və Yunanıstan kimi inkişaf etmiş ölkələrlə müqayisədə ön sıralarda yer tutaraq, Rusiya da daxil olmaqla bir sıra MDB ölkələrini qabaqlayıb.
“Fitch” beynəlxalq reytinq agentliyi qrupuna daxil olan “BMI Research” araşdırma şirkətinin “Ölkə üzrə risk” adlı proqnoz hesabatda bu il ölkəmizdə iqtisadi artımın 2017-ci illə müqayisədə 1,2 faiz, gələn il isə 3,3 faiz təşkil edəcəyi qeyd edilib.
Bu il ÜDM-nin 43,4 milyard dollar, 2019-cu ildə isə 47,3 milyard dollar olacağı gözlənilir”.