Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev test imtahanlarından uğurla keçərək xidmətə qəbul edilən gənc əməkdaşlarla görüşüb.
DGK Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, komitə sədri gənc əməkdaşları təbrik edib və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasətinin nəticəsi olaraq, bütün sahələrdə olduğu kimi, gömrük orqanlarında da gənclərə xüsusi diqqət yetirildiyini, onların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıb.
Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı inkişaf strategiyasının nəticəsi olaraq milli iqtisadiyyatımızın məqsədyönlü şəkildə sürətlə inkişaf etdiyini qeyd edən Səfər Mehdiyev, gömrük orqanlarının da bu sahəyə öz töhfəsini verdiyini bildirib. Diqqətə çatdırılıb ki, 26 il əvvəl yaranmasına baxmayaraq, beynəlxalq gömrük ailəsində özünə layiqli yer tutan, fəaliyyəti nəinki regional, hətta beynəlxalq səviyyədə təqdirlə qarşılanan Azərbaycan gömrük xidmətinin uğurlarının başlıca səbəblərindən biri də ixtisaslı gənc kadrların seçilməsi, kadr siyasətinin günün tələbləri səviyyəsində qurulmasıdır.
Komitə sədri bildirib ki, gömrük işinin daha səmərəli şəkildə təşkil olunmasını təmin etmək məqsədilə həyata keçirilən islahatların əsas hədəflərindən biri də gömrük orqanlarını savadlı, peşəkar kadrlarla təmin etmək və bu istiqamətdə gənclərə xüsusi yer vermək, onların potensialından maksimum dərəcədə yararlanmaqdır. Dövlət başçısının tövsiyələrinə uyğun olaraq, gömrük orqanlarında xidmətə qəbul edilən əməkdaşların seçimi zamanı şəffaflığın və obyektivliyin təmin olunmasına xüsusi önəm verildiyini diqqətə çatdıran S. Mehdiyev, gənc əməkdaşların onlara göstərilən etimadı doğruldacaqlarına əmin olduğunu söyləyib.
Komitə sədri gənclərə çalışqan, əzmli olmağı, daim öz üzərilərində işləməyi, dövlətimizə və xalqımıza sədaqətlə xidmət etməyi tövsiyə edib.
Qeyd edək ki, DGK-də test imtahanlarından uğurla keçən 159 nəfər gənc gömrük orqanlarında xidmətə qəbul olunub.