Türkiyə Mərkəzi Bankı tərəfindən uçot stavkasının 24 faizədək yüksəldilməsi son 15 ildə ən yüksək uçot stavkasıdır.
Teleqraf.com xəbər verir ki, bu fikirləri iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Türkiyədə uçot stvakası 2009-2017-ci illər arası hətta bir rəqəmli səviyyədə qorunub saxlanılıb.
Ekspert vurğulayıb ki, Mərkəzi Bankın qərarından sonra lirə az da olsa dəyər qazana bilib: “Dünən 1 dollar almaq üçün 6.4 lirə ödəmək lazım idisə, hazırda bu göstərici 6.1-dək dəyişib. Amma uçot stavkasının kəskin artımı lirəni qısa müddətli dövrdə qoruya bilər, orta və uzun müddətli dövrdə Türkiyə pulunu xilas etmək üçün isə həm iqtisadi, həm xarici siyasətdə dəyişikliklərin edilməsi vacibdir”.
Türkiyənin ötən ili 67.7 milyard dollarlıq xarici ticarət defisiti ilə başa vurduğunu bildirən Vüqar Bayramlının fikrincə, “İphone” telefonlarından imtina etməklə bu defisit qapamaq mümkün deyil: “Bunun üçün idxaldan asılılığın aradan qaldırılması istiqamətində islahatların genişləndirilməsi ilə yanaşı, Qərb və xüsusən də ABŞ-la münasibətlərin normallaşdırılması çox vacibdir.
Əks halda uçot stavkasının artırılması Türkiyənin valyuta bazarında sadəcə nisbi sakitlik yaradacaq”.