28 Avqust 2014 12:35
1 624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vüqar Bayramov: “Sosial evlər təkcə paytaxtda yox, ucqar rayonlarda da tikilməlidir.”

Ölkədə sosial problemlərin həlli üçün bir sıra qərarlar qəbul edilsə də sosial evlərin tikintisinə hələ də başlanmayıb. Bu istiqamətdə təkliflər səsləndirilib, ideya irəli sürülüb, ancaq hələlik real iş görülməyib. Sosial evlər nədir? Sosial evlər deyəndə dünya təcrübəsində “social housing” üsulu nəzərdə tutulur. Bu yolla əmlak hüququ dövlətə və bələdiyyəyə məxsus olan mənzillər vətəndaşlara kirayə verilir. Vətəndaş mənzilin pulunu ödədikdən sonra isə ev onun ixtiyarında qalır. Burda əsas meyar gənc ailələrin mənzillə təmin edilməsidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin mətbuat xidmətinin katibi Elman Babayevin sözlərinə görə, sosial evlərin inşası qanunla tənzimlənməlidir: “Hələlik Milli Məclis belə bir qanun qəbul etməyib. Nazirliyə də müvafiq səlahiyyət və ya bunula bağlı hansısa tapşırıq verilməyib. Nazirlik yalnız Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzillə təminatını həyata keçirir”.

3 faiz

İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, Azərbayncanın Mənzil Məcəlləsində sosial evlərin yaradılması nəzərdə tutulub: “Güman olunur ki, bu, on il müddətinə reallaşa bilər. Amma bu işi həyata keçirə biləcək Sosial Mənzil Fondunun yaradılması hələ də tamamlanmayıb. Ölkəmizdə mövcud mənzillərin cəmi 3 faizi sosial mənzil fondudur. Mövcud qanunvericiliyə əsasən, özəl şirkətlər inşa etdikləri binalarda mənzillərin bir qismini sosial məqsədlə yerli icra hakimiyyəti orqanlarına təqdim etməlidir. Yerli icra hakimiyyəti orqanları da sosial məqsədlə təqdim edilən evləri vətəndaşlara pulsuz verməlidir”.

Mənzilə sahib olmaq

Ekspert bildirdi ki, inkişaf etmiş ölkələrdə Sosial Mənzil Fondunun ümumi mənzil fondunda payı 20 faiz təşkil edir: “Sosial evlərin tikilməsi üçün dövlət büdcəsindən vəsait ayrılır. Bələdiyyə və ya dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməklə yaşayış binalarının inşasına şərait yaradılır, onları gənc ailələrə və ödəmə qabiliyyəti zəif ailələrə satırlar. Bu zaman gənc ailələrin yüksək əmək haqqı alması şərt deyil. Ayda təxminən 70 manat ödəməklə 50 kvadratmetrlik mənzilə sahib olmaq mümkündür. Vətəndaş isə 15-20 il müddətində həmin evin pulunu dövlətə qaytarır və mənzil vətəndaşın sərəncamına keçir”.

Paytaxtdan kənar

Vüqar Bayramov qeyd etdi ki, sosial evlər yalnız paytaxtda yox, paytaxtdan kənarda, ucqar rayonlarda da tikilməlidir ki, həm vətəndaşların paytaxta axınının qarşısı alınsın, həm də rayonda yaşayan gənc ailələr mənzil probleminin həllindən sonra sosial vəziyyətlərini yaxşılaşdıra bilsinlər: “Nəzərə alaq ki, regionda büdcə gəlirinin 75 faizi Azərbaycanın payına düşüb və dövlət büdcəsi son illərdə kəskin şəkildə artaraq 20 milyard manata çatıb. Bizim apardığımız qiymətləndirmələr də göstərir ki, Sosial Mənzil Fondunun formalaşmasına və Azərbaycanda sosial evlərin inşası üçün dövlət büdcəsindən il ərzində 300 min manatlıq vəsaitin ayrılmasına ehtiyac var. Eyni zamanda, dövlət büdcəsindən insanların mənzilə olan tələbatının ödənilməsi üçün vəsait ayrılmalı və ilk olaraq ipoteka şərtləri yüngülləşdirilməlidir”.

Güzəştli şərtlər

Vüqar Bayramovun fikrincə, digər tərəfdən “Tikinti əmanət bankları haqqında” qanun layihəsi hazırlanmalıdır: “Bu layihənin qəbulu bir neçə ildir yubadılır. Lakin inkişaf etmiş ölkələrdə bu, mənzil təminatında böyük rol oynayan mexanizmlərdən biridir. Məsələn, hər bir valideyn tikinti əmanət banklarında övladlarının adına hesab açır və ora mütəmadi vəsait yatırır. Müəyyən müddətdən sonra, övlad bəlli yaşa çatanda ev almaq üçün vəsait götürülür. Mənzil almaq üçün pul çatmazsa, bankdan güzəştli şərtlərlə kredit də götürmək mümkün olur”.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər