28 Fevral 2019 11:48
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2016-cı ildə OPEK və Rusiya neft qiymətlərini artırmaq üçün günlük hasilatı 1,8 milyon barel azaltmaqla bağlı qərar verdilər. Hesab edirəm ki, bu anlaşmadan orta və uzun müddətdə udan ancaq ABŞ olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

Ekspertin fikrincə, OPEK və Rusiya arasında əldə edilmiş anlaşmadan sonra ABŞ-da neftin hasilatı kəskin artacaq:

“Nəticə etibarı ilə də OPEK və Rusiya ancaq qısa dövr ərzində qiymətləri yuxarı çəkə biləcəklər. 2016-cı ildə anlaşma imzalanan vaxt ABŞ-ın günlük neft hasilatı 8,6 milyon barel idi.

Dünən son hasilat rəqəmləri açıqlandı. Məlumata görə, Amerika gündə 12,1 milyon barel neft hasil edir və dünyada neft hasilatına görə lider dövlət oldu, həm Səudiyyə Ərəbistanını, həm də Rusiyanı ötüb keçdi. OPEK və Rusiya isə birlikdə hasilatı 1,8 milyon barel azaltdılar. Əvəzində təkcə ABŞ gündəlik hasilatı 3,5 milyon barel artıraraq neft idxal edən ölkədən ixrac edən ölkəyə çevrildi”.

Natiq Cəfərli bildirib ki, OPEK-ə daxil olan ölkələr və Rusiya ancaq qısa dövr üçün düşünə bilirlər: “Onların 3-5-10 illik planları, proqnozları yoxdur. Lakin neft erasının bitdiyi ilə heç cür barışa bilmirlər, çünki bütün varlıqları “qara maye”yə bağlıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər