Martın 18-də Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin iclasının keçirilməsi təbii ki, Azərbaycanın beynəlxalq arenada rolu və yerinin, nüfuzunun güclənməsi ilə bağlıdır. Azərbaycan balaca ölkə olsa da, yürütdüyü daxili və xarici siyasətlə, icra etdiyi nəhəng beynəlxalq layihələrlə dünya xəritəsində özünəməxsus yer tutub.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Azər Badamov deyib.
O qeyd edib ki, son vaxtlar ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli, dünyada yeni nizamın yaradılmasına təsir göstərə biləcək bir sıra tədbirlər də heç şübhəsiz, Azərbaycanın bugünki dünya arenasında tutduğu yerlə, mövqe ilə bağlıdır:
“Bilirsiniz ki, bu günlərdə ölkəmizdə VII Qlobal Bakı Forumu keçirildi. Bu forumda dünyanın dörd bir yerindən indiki və sabiq prezidentlər, baş nazirlər, nazirlər, nazir müavinləri, tanınmış ictimai xadimlər, analitiklər, jurnalistlər iştirak edirdilər. Təbii ki, bu da Azərbaycanın yürütdüyü bütövlükdə dünyada multikulturalizmin, etnik və dini dözümlülüyün təbliğinə, tolerantlığın təşviqinə xidmət edir. Həmçinin, ölkəmizin dünyada baş verən bəzi xoşagəlməz hadisələrə son qoyulması istiqamətində müəyyən təşəbbüslərin irəli sürülməsində xüsusi yeri olduğunu göstərir”.
A.Badamov qeyd edib ki, “OPEC plus” ölkələrinin Azərbaycanda görüşü də eynilə dünyanın neft bazarında baş verə biləcək böhranlı vəziyyətin qarşısnın alınmasına xidmət edəcək:
“Çünki son bir neçə il ərzində dünya neft bazarında çoxlu xoşagəlməz hallar baş verib. “Qara qızıl”ın qiyməti kəskin ucuzlaşıb. Hətta, hasil olunan xərclər səviyyəsinə çatıb ki, bu da neft istehsal edən ölkələrin iqtisadiyyatına mənfi təsir göstərib. Məhz belə bir vəziyyətdə dövlət başçımızın təşəbbüsü ilə neftin dünya bazar qiymətində sabitliyin saxlanması istiqamətində OPEC və qeyri-OPEC ölkələrinin razılığa gəlməsi faktı olmuşdu. Artıq dünya bazarında neftin qiyməti demək olar ki, sabitləşib. Bu sabitliyi qorumaq və neftin qiymətində müşahidə olunan artım tempinin davamlı olması istiqamətində təbii ki, müəyyən tədbirlərin həyata keçirilməsi vacibdir. Ölkəmizdə keçiriləcək “OPEC plus” formatında iclas da bu istiqamətdə yəqin ki, müəyyən yeni təşəbbüslər irəli sürəcək. Yəni, hasilatın azaldılması, dünya bazarlarında tələbə uyğun hasilatın ortaya qoyulması və tələbdən artıq təklifin olmasının qarşısının alınması istiqamətində işlərin görülməsi təbii ki, vacibdir. Düşünürəm ki, Bakıda keçiriləcək tədbirdə bu istiqamətdə müəyyən qərarlar qəbul ediləcək. Bu da sözsüz ki, dünya bazarlarında neftin qiymətinə təsir göstərəcək”.
Qeyd edək ki, martın 18-də Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçiriləcək. Azərbaycan Energetika Nazirliyinin yaydığı məlumata görə, iclasda 14 neft ölkəsi və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunacaq.
Bu tədbir Azərbaycan Prezidenti İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin tədbirlərinin Bakıda keçirilməsi təklifi ilə baş tutur. Belə ki, Azərbaycan dövlətinin başçısı 2016-cı ildə Davos İqtisadi Forumunda çıxışı zamanı neft istehsal edən ölkələrin "OPEC plus” formatında iclasının keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Bu format OPEC-in üzvü olan ölkələrlə neft hasil edən, lakin bu qurumda təmsil olunmayan ölkələrin birgə toplantısını və enerji resurslarının hasilatı və ixracı, dünya bazarında neftin qiyməti və digər məsələlərin vahid formatda müzakirəsini nəzərdə tutur. Həmin dövrdə Prezident İlham Əliyev neftin qiymətinin sabitləşdirilməsi və 70 dollar civarında saxlanması təşəbbüsünü də irəli sürmüşdü. Hazırda Bakıda “OPEC plus” formatının baş tutmasında, habelə dünya bazarında neftin qiymətinin 60-70 dollar çərçivəsində qalmasında Prezident İlham Əliyevin böyük xidməti var. Beləliklə, bir daha aydın olur ki, Prezident İlham Əliyev öz səmərəli təklifləri, irəli sürdüyü təşəbbüslərlə dünya enerji bazarında sabitləşməyə və proqnozlaşdırmaya mühüm töhfə verir.